Dünən "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsində dinlənməsi keçirilib.
11.30-da start götürən proses təxminən 4 saat davam edib. Dinləmənin necə keçdiyini öyrənmək üçün əvvəlcə Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyevlə əlaqə saxladıq. Tanınmış hüquqşünas dinləmə zamanı müsbət yöndə işartıların olduğunu bildirdi:
"Proses bitdi. Bizim mövqeyimizi dinlədilər. Nurlanın da fikirlərinə qulaq asdılar. İlkin təəssürat haqda nəsə demək çətindi. Qarşı tərəf də çox ciddi hazırlaşmışdı. Gərgin müzakirələr oldu. Heyət tərəfindən müəyyən dəqiqləşdirici suallar verildi. Bəzi məqamlar bizim xeyrimizə idi. Müsbət yöndə işartılar görünürdü. Amma yekun fikir demək üçün hələ tezdi. Müsbət məqamlar hakimlərin bizi dinləməsi, dəqiqləşdirici suallar verməsi, Nurlana vaxt limiti qoymadan çıxış etmək üçün şərait yaradılması, mübahisə doğuran məqamlarla bağlı öz dəlillərimizi göstərməyimizdi”.
Haqverdiyev detalları da açıqladı:
“Qarşı tərəfin italyan əsilli vəkili İsveçrədəki hüquq şirkətindən idi. Onunla birlikdə UEFA-nın iki nümayəndəsi iştirak edirdi. Yəni üç nəfərlə təmsil olunurdular. Əsas dəlilləri budu ki, Nurlan İbrahimov həddən artıq ağır sözlər işlədib və bu qəbuledilməz çağırışdı. Ona görə də cəzanın qüvvədə qalmasını istədilər. Biz isə həmin sözlərin affekt vəziyyətində yazıldığını və cəza verilərkən emosional durumun nəzərə alınmadığını bildirdik. Əsas araşdırma mövzusu statusun yazılma tarixi, əsaslandırmalar və həmin vaxt baş verən hadisələr idi. Onların fikrincə, "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri göz önündə olan şəxsdi, profilini müxtəlif sosial şəbəkələrdə izləyirlər. Bu üzdən məsələyə ciddi yanaşırdılar”.
Vəkil hər şeyə rəğmən, müsbət sonluğa inanır:
"Qərarın xeyrimizə olacağına ümid edirik. Çünki mənim və Nurlanın dinlənilməsi müsbət məqamdı. Futboldan ömürlük uzaqlaşdırlma cəzasını bir neçə illə əvəzləyə bilərlər. Həmçinin o qənaətə gələ bilərlər ki, cəza bir ildən çox çəkilib və əlavə cəza olmasın. İlk və son dinləmə idi. Qərara alınsa ki, əlavə şahidlər dindirilməli və nəsə dəqiqləşdirilməlidi, o halda növbəti proses keçirilə bilər. Ancaq bu varinat o qədər real deyil. Çünki onların bütün suallarına cavab verilib. Hər iki tərəfin mövqeyi öyrənilib. O da hamıya bəllidi ki, məsələnin siyasi tərəfi də var. Şikayətin UEFA-ya və geniş auditoriyaya təqdim olunmasında ermənilərin də böyük rolu olub. Prosesdə birbaşa təzyiq görünmədi. Tərəflərə eyni imkan yaradıldı. Qərar ən geci noyabrın 25-dək açıqlanacaq".
Məhkəmə prosesi ilə bağlı Nurlan İbrahimovla da əlaqə saxladıq. “Qarabağ”ın sabiq mətbuat katibi bunları dedi:
“Hazırda konkret nəsə demək olmur. Mənim gəldiyim qənaət bundan ibarətdi ki, onlar cəzanın ağır və düzgün olmadığını bilirlər. Ümumi danışıqlarından belə başa düşdüm. UEFA da heyətini gücləndirmişdi, 3 hüquqşünasla gəlmişdilər. Təzyiq edib, qərarı qüvvədə saxlamaq istəyirdilər. Amma mən bilirəm ki, prosedurda belə cəza yoxdu. Buna görə də UEFA tərəfi təzyiq göstərməyə çalışırdı. Lakin məhkəmə heyəti hansısa bir fikir bildirmədi. Normalda noyabrın 25-nə kimi qərar veriləcək. Lakin vəkilim də fikirləşir ki, gələn həftə yəqin qərar açıqlanacaq və daha sonra bunun əsaslarını göndərəcəklər”.
Xatırladaq ki, Nurlan İbrahimov Vətən müharibəsi günlərində Ermənistan ordusu Bərdəni atəşə tutandan sonra qucağında ölmüş övladını tutan atanın görüntüsünün təsiri altında “feysbuk” hesabında ermənilərə nifrət ruhunda status paylaşdığına görə ötən ilin noyabrına UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" isə 100 min avro cərimələnib. Üstəlik klub rəsmisinin hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığına görə İbrahimova qarşı inzibati iş açılıb, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin 500 manat cərimələdiyi mətbuat katibi yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.
İLKİN SULTANLI