
DÇ / Manşet
186
8.10.2021, 18:38
"Sabah da qol vurmaq istəyirəm" - Con İqan
Sabah DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə İrlandiya yığması üz-üzə gələcək.
Bu gün oyundan öncə mətbuat konfrans qonaqların müdafiəçisi Con İqan iştirak etdi. Vitse-kapitan İrlandiyada 1:1 hesabı ilə başa çatan görüşlə bağlı fikrini də bölüşdü:
“Bura qələbə qazanmaq üçün gəlmişik. Dublindəki görüş çətin olmuşdu. İstədiyimiz nəticəni ala bilmədik, məyus olduq. Bu dəfə qələbə qazanmaq arzusundayıq. İlk oyuna yaxşı başlamışdıq. Amma 15-20 dəqiqədən sonra rəqib topu ələ keçirdi, bizim üçün həyatı çətinləşdirdi. Gözəl qol da vurdular. Ancaq ikinci hissəni yaxşı keçirdik, bərabərlik topunu da vurduq. Ancaq təəssüf ki, qələbə qazana bilmədik".
O, futbolçuların sabahkı oyuna hazır olduğunu dedi:
"Hamının durumu yaxşıdı. Müvafiq prosedurlardan keçmişik. Ümid edirik ki, sabah da uğurlu çıxış edəcəyik. Son oyunlarda qol vurmuşam. Sabah da məqsəd qol vurmaq olacaq. Millidə qol sarıdan çətinlik çəkirik. İnanıram ki, nəhayət, bu problem həll olacaq, topu qapıdan keçirmək mümkün olacaq. Bizdə həmişə motivasiya var. Hər növbəti oyunda qələbə qazanmaq barədə düşünürük. Bütün kənar məsələləri unudub, sabahkı matça köklənmək istəyirik".