Sabah DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə İrlandiya yığması üz-üzə gələcək.
Bu gün oyundan öncə komandamızın baş məşqçisi Canni De Byazi mətbuat konfransında iştirak etdi. İtaliya mütəxəssis əvvəlcə oyun haqda fikirlərini səsləndirdi:
“Komandada situasiya yaxşıdı. Bəzi oyunçular zədə səbəbindən sabah olmayacaq. Ümumilikdə komanda çox istəklidi. Yaxşı məşq etmişik. Komandamdan razıyam. Sabah müsbət nəticə qazanmağa çalışacağıq. İrlandiyada 2 xal itirdik. Onu bərpa etmək istəyirik".
- Araz Abdullayev və Renat Dadaşov uzun fasilədən sonra milliyə çağırılıb. Onların hazırlıq durumu necədi?- Araz müsbətə doğru dəyişilib, daha da böyüyüb. Yaxşı mənada məni təəccübləndirdi. Ona ümid bəsləmək olar. Renat isə uzun zədədən qayıdıb. Gənc oyunçudur, bizim üçün vacibdir. Ona da oynamağa şans verməyə çalışacağıq.
- Müqavilənizin bitməyinə az qalıb və qarşıdakı iki matçın nəticəsi gələcək taleyinizə böyük ölçüdə aydınlıq gətirəcək. Bu durum üzərinizdə təzyiq yaratmır?- Qətiyyən təzyiq yoxdu. Artıq 30 illik təcrübəm var. Təzyiqi xoşlayıram. Bu baxımdan problem yoxdu. Düşünürəm ki, AFFA özü qərar verəcək, 14 ay ərzində nə etdiyimizə baxacaq. 16 oyundan 13-nü evdən kənarda keçirmişik. Bu, qeyri-adi situasiyadı. Amma komanda inkişaf edir. Bunu Dublində gördük. Rəqib FİFA-nın reytinqində 50-ci yerdədi. Bunu nəzərə alsaq, inkişaf etdiyimizi demək olar.
- Sabahkı oyunda rəqibin heyətində xüsusi çəkindiyiniz oyunçu var?- Ümumilikdə çox güclü komandadı. Əksəriyyəti İngiltərə premyer-liqasında çıxış edir. Fiziki cəhətdən güclüdülər. Səfərdə ilk hissədə keçirdiyimiz oyunu təkrarlamalıyıq. Topu lazımsız situasiyada irəli vurmamalıyıq. Bunun üçün keyfiyyətimiz var. Standart vəziyyətlərdə də diqqətli olmalıyıq.
- "Beşiktaş"ın futbolçusu Berkay Vardarı izləyirsiniz? Onu gələcəkdə yığmaya çağırmaq variantı var?- Bəli, onu izləmişəm. Çempionlar Liqasının son matçında bir az məcburiyyətdən oynadı. Çünki çox oyunçuları zədəlidi. Sol ayağı təhlükəlidi. Bizdə belə oyunçu yoxdu. Vaxtı gələndə onu da çağıracağıq. Onu da deyim ki, futbolçularımız bu ildən xaricə çıxmağa başlayıblar. Bu, Azərbaycan futbolu üçün xoş haldı. Amma düşünürəm ki, hələ cəmi 2 aydı oradadırlar. Hələ az müddətdi. Bir ildən sonra danışarıq. Mahir Emreli Çempionlar Liqasında qol vurub. Sabah ondan qol gözləyirik. Çünki burada olduğum müddətdə - 16 oyunda bir qol da vura bilməyib.
İLKİN SULTANLI