MS-nin çalışdırıcısı dövlətdən yarımmilyon gizlədib
Özündə 117 ölkədən 600 adamı birləşdirən Beynəlxalq Jurnalistlər Konsorsiumu bugünlərdə “Pandora dosyesi”ni açıqlamaqla dünyanı silkələyib. Xatırladaq ki, həmkarlarımız dünya liderlərinin və ulduzların ofşor sxemlərlə bağlılığı mövzusunda ciddi təhqiqat aparıb. Gözlənilmədən siyahıya futbol dünyasının Pep Qvardiola, Karlo Ançelotti və Anxel Di Mariya kimi məşhurları da düşüb.
Qvardiola pulu necə gizlədib?
Araşdırma zamanı Qvardiolanın 2007-ci ilin fevralında yaratdığı Panama şirkəti “Repox Investments” də ifşa olunub. Pep onda artıq futbolçu karyerasını bitirmişdi, “Barselona”nın B komandasına təyinatına isə 4 ay qalırdı. Jurnalistlərin yazdığına inansaq, Andorra bankı hesabın gerçək sahibinin şəxsiyyətini gizlətmək üçün “Repox Investments” şirkətini yaratmağa təklif edib. Həmin hesaba Qvardiolanın Qətərdə qazandığı pullar daxil olunub. Bildiyiniz kimi, hazırda MS-nı çalışdıran mütəxəssi 2003-05-ci illər aralığında “Əl-Əhli”nin şərəfini qoruyub və hər mövsüm 2 milyon avrodan artıq qazanıb.
Çox sadə sxem işə düşüb: Pep Andorra qanunlarından yararlanıb və İspaniya xaricində hesabına pul daxil etməklə, ümumiyyətlə, vergi ödəməyib.
Qvardiolanın vəkilləri nə deyir?
Qvardiolanın vergi məsləhətçisi Luis Orobit sxemi yetərincə aydın şəkildə izah edir. Pep həqiqətən çox cəlbedici vergi mühitinin hökm sürdüyü Andorrada hesab açıb. Niyə İspaniyada yox? Çünki həmin vaxt vətənində yaşamayıb. Ancaq bir qədər sonra Qvardiola Qətərdə qazandıqlarını şəffaflaşdırmaq istəyib. Sadəcə, ona görə ki, İspaniyanın vergi qanunlarında müəyyən yumşalmalar olub.
2012-də İspaniyada vergi amnistisiyası elan olundu və hökumət zənginlərə heç bir fəsaddan çəkinmədən pullarını leqallaşdırmağı təklif etdi. Bunun üçün, sadəcə, əvvəllər açıqlamadıqları məbləğin 10 faizini ödəmək lazım idi (hökumət bu yolla büdcəyə əlavə 2,5 milyard avro yığmaq istəyirdi). Biznesmenləri bu şərt razı saldı. Çünki vergiləri standart sxem əsasında ödəmək onlara baha başa gələcəkdi. Amnistiyadan 30 min adam, eləcə də Andorrada şirkətini bağlayan və pulunu İspaniyaya gətirən Qvardiola da yararlandı. Sonradan bu qərara görə İspaniya hökuməti sərt şəkildə tənqid olundu. Tənqidlərin mahiyyətinı qısaca ümumiləşdirsək, guya hökumət amnistiya elan etməklə əvvəlki qara sxemlərə haqq qazandırıb.
Di Mariya da yararlanıb, Ançelotti də
“Pandora dosyesi”nə futbol adamlarından yalnız Qvardiolanın adı düşməyib. Sənədlərdən belə aydın olur ki, Britaniyanın Virgin adalarından olan, 25 milyon avroluq imic haqlarını idarə edən “Vapia Limited” şirkətinin yeganə benefisiarı Karlo Ançelottidi. Yeri gəlmişkən, imic hüquqları ilə də bağlı olan vergi pozuntuları artıq hökumətə bəlli idi. İspaniya vergi polisi onsuz da Ançelottinin 2013-15 aralığında yol verdiyi güman olunan cinayətlərini araşdırır.
“Real”ın baş məşqçisi bu ilin iyulunda 2014-cü il ərzində 1 milyon 62 min 79 avro vergini ödəmədiyinə görə günahını qismən etiraf etdi və pulu büdcəyə qaytarmağa razılıq verdi. İtalyan həmin vaxt bəyan etdi ki, məsləhətçiləri ona doğru yol göstərməyib. Baş məşqçi iddia edirdi ki, onda İspaniyada yetərincə uzun müddət (183 gün) qalmayıb ki, vergi də ödəsin.
Hələ ki “Pandora dosyesi”ndə adı hallanan yeganə futbolçu Anxel Di Mariyadı. Argentinalı 2009-cu ildən (“Real”la keçiddən bir qədər əvvəl) imic hüquqlarının satışı ilə bağlı gəlirləri gizləmək üçün Panamadakı qurama şirkətin xidmətindən yararlanıb. 2013-17-ci illər aralığında onun hesabına 8 milyon avrodan artıq vəsait daxil olub. Maraqlıdı ki, Di Mariyanın adı bir müddət əvvəl vergi ödənişlərindən yayınma ilə bağlı olan, “Panama sənədləri” adlanan daha bir beynəlxalq araşdırmada hallanırdı.
ORXAN