"Özümdə bu gücü hiss edirəm. Amma ora iştirak xatirinə yox, medal üçün getmək lazımdı. Çox çalışmalıyam. Çünki səhhətimlə bağlı bir az problemlər var. Yəqin ki, bu ilin sonunadək karyeramla bağlı yekun qərarımı verəcəyəm".
"Football-plus.az" saytının məlumatına görə, bunu sərbəst güləşçimiz Hacı Əliyev deyib. O, rəsmi səhifəyə verdiyi müsahibədə Tokio-2020 Yay Olimpiya Oyunları haqda da danışıb:
"Tokio Olimpiadasında bir çox problemlər yaşadıq. Hər gün səhər koronavirus testi verirdik və düşünürdük ki, cavab pozitiv çıxa bilər. Amma şükürlər olsun ki, heç kim yoluxmadı. Tokioda sərt qaydalar var idi. Hansısa idmançı şəhərciyi tərk etsəydi, bütün komanda karantinə alınırdı. Bu səbəbdən çölə çıxmamağa çalışırdıq. Səhv etmirəmsə, hansısa ölkənin yığması buna görə problemlə üzləşmişdi. Çox ehtiyatla hərəkət edirdik".
İdmançı qızıl medal qazana bilməməsindən də danışıb:
"Düzdü, bu dəfə qızıl medal olmadı. Lakin olimpiadanın bütün medalları dəyərlidi. Yarışda ikinci yeri tutduğum üçün xoşbəxtəm. Çünki bu medalı qazanmaq üçün çox əziyyət çəkmişəm. Məşqçilərim, yaxınlarım bilirlər ki, çəkisalma müddətində bir neçə dəfə özümdən getmişəm. Ona görə də bu medal mənim üçün çox dəyərlidi".