Premyer-liqanın ilk iki turunda azarkeşlərini sevindirən “Sumqayıt” sonrakı 4 oyunda qələbəyə həsrət qalıb.
“Kimyaçılar” 4 matçdan yalnız birində - “Qəbələ” ilə görüşdə hesabına 1 xal yazdırmağı bacarıb. Qalan 3 qarşılaşmada isə meydanı məyus tərk edib.
Komandanın oyununda eniş yaşandığı göz önündədi. Bəs görəsən, sumqayıtlıların son qarşılaşmalardakı uğursuzluğu nədən qaynaqlanır? Bu suala “gənclik şəhəri”nin təmsilçisinin təcrübəli futbolçusu, kapitan Vurğun Hüseynov belə cavab verdi:
“Zirə” ilə qarşılaşmanı nəzərə almasaq, qalan üç matçda komanda yaxşı oynamışdı. “Qartallar”la görüşdə oyunumuz istənilən səviyyədə alınmadı. Daha doğrusu, 6-cı tura təsadüf edən qarşılaşmada son nöqtəni qoymaqda çətinlik çəkdik. Oyun planında heç bir rəqib bizi aşkar üstələməyib. İnşallah, qarşıdakı matçlarda qeyd etdiyim çatışmazlığı aradan qaldırarıq. İlk iki turdan sonra komandamız maksimum xal toplamışdı. Həmin arada yığmaların oyunlarına görə yaranan fasilədən sonra keçirdiyimiz görüşlərdə istədiyimiz nəticəni əldə edə bilmədik. Ümid edirəm ki, budəfəki fasilədən sonra öz oyunumuzu tapıb, birinci dövrəni qələbə ilə başa vura biləcəyik. Bilirsiz ki, bizi qarşıda “Neftçi” ilə çətin görüş gözləyir. Azarkeşlərimizin qarşısında, ilk dövrənin sonuncu qarşılaşmasında maksumum nəticə qazanıb onları sevindirməyə çalışacağıq”.
Uzun müddətdi “Sumqayıt”ın şərəfini qoruyan, kapitan sarğısını qolunda gəzdirən Vurğun cari mövsümdə hələ meydana çıxmayıb. Onunla söhbətdə bu məsələyə də aydınlıq gətirməsini istədik:
“Meydana çıxmamağıma gəlincə, baş məşqçinin qərarıdı və buna hörmətlə yanaşıram. Ayxan müəllim nə vaxt şans versə, etimadı artıqlaması ilə doğrultmağa çalışacam. Bir də ki, mənim oynayıb-oynamağım əsas deyil. Vacib olan komandanın uğurudu. Mən bir kapitan kimi həmişə kollektivin və baş məşqçinin yanındayam”.