Azərbaycan yığması növbəti oyuna hazırlaşır.
Bu dəfə rəqib İrlandiyadı. DÇ-2022-nin seçmə mərhələsində bu komanda ilə səfərdə heç-heçə etmişik - 1:1. Qələbəni son dəqiqələrdə əldən versək də, yığma sentyabrın 4-də keçirilən həmin qarşılaşmada yaxşı oyun sərgiləmişdi. Canni de Byazinin komandası qrupun 6-cı matçında ilk qələbəsini qazanmaq niyyətindədi. Bunun ancaq istək olaraq qalmaması üçün italiyalı mütəxəssis nə etməlidi? Hansı taktiki sxemlə oynasaq, irlandiyalıları Bakıda məğlub edə bilərik? Bunun üçün De Byaziyə üç variant təklif edirik.
1. Qəbələ qazanmaq istəyirsə...

Hamıya bəllidi ki, rəqib hava ötürmələrinə üstünlük verir, standart vəziyyətlərdə hədsiz təhlükəlidi. Gəlin, səfərdəki görüşü yada salaq. Oyunboyu mərkəzdən başlayan hücumlar sonradan cinahlara yönəlirdi. Həmin mövqelərdəki futbolçular qapı önünə asmalar edərək komanda yoldaşlarının fərqlənməsinə çalışırdılar. 87-ci dəqiqədə Coş Kullenin belə ötürməsindən sonra Şeyn Daffi Şahruddini məyus edərək hesabı bərabərləşdirdi. Bu dəfə eyni oyun sxemindən istifadə etmək olmaz. Çünki irlandiyalılar millimizin həmin görüşdəki oyun tərzini artıq əzbər bilir. Rəqibə qarşı ən yaxşı taktiki sxem 4-3-3 ola bilər. Qapıda, təbii ki, Şahruddin yer alacaq. Müdafiənin solunda Toral Bayramov, mərkəzində Anton Krivotsyuk - Höccət Haqverdi dueti, sağında isə Maksim Medved çıxış etməlidi. Adıçəkilənləri “sığortalamaq” üçün Qara Qarayev dayaq yarımmüdafiəçisi kimi oynamalıdı. Bu mövqeyin mərkəzində isə Emin Mahmudovla Filip Ozobiç yer almalıdı. Hücumda Ramil Şeydayev, Mahir Emreli və Namik Ələskərov “üçlüy”ü çıxış etməlidi. Şeydayevlə Ələskərov sırf forvard kimi oynamayacaqlar. Cinahlardan hücumların təşkilində əsas funksiyanı məhz bu iki futbolçu həyata keçirməli, Mahiri topla təmin etməlidilər. Həm də Ozobiçin Ramillə, Eminin Namiklə anlaşması yaxşıdı. Mərkəzdə yer alan Mahmudov - Ozobiç dueti müdafiənin arxasına dəqiq ötürmələr edəcəyi təqdirdə komandamızın qalib gəlmək ehtimalı böyükdü.
2. Heç-heçə etmək istəyirsə...Bunun üçün çox baş sındırmağa ehtiyac yoxdu. De Byazi İrlandiyadakı oyunda istifadə etdiyi taktiki sxemlə oynamalıdı. Belədə 5-3-1-1 düzülüşü ən idealdı. Qapıda həmişəki kimi Şahruddin, müdafiənin solunda Toral, mərkəzdə Anton, Höccət, Maksim, sağda isə hazırda formada olan Abbas yer ala bilər. Qara dayaq, Eminlə Ozobiç mərkəz yarımmüdafiəçisi kimi çıxış etməlidi. Namik pleymekyer, Mahir isə hücumçu kimi oynasa, yığmamız doğma meydanda da bu rəqibdən 1 xal ala bilər.
3. Uduzmaq istəyirsə...Canni de Byazi bu görüşdə uduzmaq üçün meydana çıxacaqsa, heç bir taktika-filan fikirləşməsin. Ümumiyyətlə, Azərbaycan millisinin baş məşqçisi olmasın. Onsuz da yığma çalışdırıcısız da irlandiyalılara uduza bilər.
İLKİN SULTANLI