
AFFA “Sabah”a xəbərdarlıq etdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
“Football-plus.az” saytının məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul olunub:
1. Premyer-liqanın 6-cı turunun “Zirə” – “Sumqayıt” oyununda meydan vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunub.
2. “Keşlə” – “Sabah” görüşündə qonaqların bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimələnib. “Sabah” 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırıldığına görə də 800 manat cərimə olunub. Mətbuat konfransında “Sabah”ın baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.
3. Birinci divizionun 3-cü turunun “Keşlə-2” – “Qəbələ-2” oyununda meydan sahiblərinin qapıçısının formasında qüsur olduğundan ikinci hissə gec başlayıb ki, bu üzdən klub 80 manat cərimələnib.