Buenos Ayres şəhərinin prokurorluğu “River Pleyt”ə ittiham irəli sürüb.
Argentinanın paytaxtını təmsil edən klub karantin qaydalarını pozmaqda ittiham olunur.
Belə ki, “River Pleyt”in ev oyunlarını keçirdiyi “Monumental” stadionuna yol verilən həddən artıq tamaşaçı buraxılıb. Bu qayda pozuntusu oktyabrın 3-də “Boka Xuniors” ilə keçirilən çempionat matçında (2:1) qeydə alınıb. Koronavirusla bağlı məhdudiyyətlər çərçivəsində oyunu böyük arenada 36 mindən artıq azarkeş izləyə bilməzdi. Lakin prokurorluğun yaydığı məlumatda “Superklasiko”ya stadionda təxminən 50 min nəfər tamaşa etdiyi bildirilib. Bu səbəbdən “Monumental”da axtarış aparılıb. Prokuror Xuan Maykes “A24” telekanalına açıqlamasında “River Pleyt”in prezidenti Rodolfo D’Onofrioya və klubun direktorlar şurasının üzvlərinə karantin qaydalarını pozmaqla bağlı ittiham irəli sürüldüyünü bildirib. Rəhbərliyin qaydaları pozduğu təsdiqlənəcəyi halda “River Pleyt” cərimələnə və klubun stadionu bir neçə oyunluğa bağlana bilər.
Argentinanın səhiyyə naziri Karla Vissotti sentyabrın 30-da azarkeşlərin stadionlara buraxılmasına müəyyən şərtlər və məhdudiyyətlər çərçivəsində oktyabrın 1-dən icazə verildiyini açıqlamışdı. Hökumətin qərarına görə, tribunalara yalnız tamaşaçı tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Digər şərt isə yalnız azı bir doza vaksin vurulan azarkeşin oyunu stadiondan izləməsinin mümkünlüyü ilə bağlıdı.