Venesuela futbolunda cinsi xarakterli qalmaqal baş verib.
Buna ölkənin qızlardan ibarət U-20 yığmasının sabiq çalışdırıcısı səbəbkar olub. Milli komandanın hücumçusu Deyna Kastelyanos Kennet Şeremet tərəfindən cinsi təcavüzə məruz qaldığını ictimaiyyətə açıqlayıb. 22 yaşlı qız keçmiş baş məşqçidən daha 23 oyunçunun şikayətçi olduğunu və hüquq-mühafizə orqanına müştərək şikayət ərizəsi yazdıqlarını da bildirib. Şeremetin yığma üzvlərini 2013-17-ci illərdə fiziki, psixoloji və seksual xarakterli təzyiqlərə məruz qoyduğu iddia edilir. Ərizədə hətta bir qızın 2020-ci ildə 14 yaşında olarkən məşqçinin cinsi təcavüzü ilə üzləşdiyi də vurğulanır. Digər futbolçular isə Şeremetdən tez-tez massaj etmək təklifi aldıqlarını və məşqçinin onlara seksual orientasiyası ilə bağlı suallar verdiyini bildirib.
Venesuela Prokurorluğu bu iddiaların araşdırılacağını bəyan edib. Yerli futbol federasiyası isə şikayətçi qızlara dəstək verib.