“Hazırlıqlarımızı tamamlamışıq. Dinləmə prosesini gözləyirik. Uzun müddət bizə suni, bürokratik problemlər yaradıldı. Bizə hüquq vermidilər. Lakin 1 ildən sonra buna nail olduq. Bunu bizim üçün qələbə hesab etmək olar”.
Bu sözləri “Football-plus.az” saytına açıqlamasında “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov dedi. Tanınmış jurnalist Bərdə və Gəncədə baş verən terror hadisəsinə görə “feysbuk”da yazdığı status səbəbindən UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.
Nurlan İbrahimov qarşı tərəfi beynəlxalq idman hüququ məsələlərində ixtisaslaşan insanların müdafiə edəcəyini bildirdi:
“Allaha şükür olsun ki, şikayət hüququ əldə etdik. Yenə deyirəm, hazırlıqlarımızı tamamlamışıq. Bizim qayəmiz bu idi ki, cəza hüquqi yox, siyasidi. Bunu bütün dünya bilir. Hüquqi cəza olsaydı, cəza bu qədər olmamalıydı. Sabahı gözləyirik. Saat 11.30-da başlayacaq. Azərbaycan xalqının duaları ilə girəcəyik dinləmə prosesinə. Qarşı tərəf məsələyə çox ciddi yanaşır. Onların təmsilçisi bu sahə üzrə dünyada ixtisaslaşan 5 şirkətdən biridi. Bu da aydın məsələdi ki, onları kimlər dəstəkləyir. Buna rəğmən, Azərbaycan xalqının dəstəyini hiss edərək girəcəyik dinləməyə. Əsas odu ki, bütün məsələlərdə, yazışmalarda göstərilir ki, problem bombalamaya, günahsız insanların öldürülməsinə görə idi. Bunu öz dilləri ilə etiraf edirlər. Görək də, xeyirlisi nədisə, o da olsun!”
İLKİN SULTANLI