İrlandiya yığmasının yarımmüdafiəçisi Ceymi Makqart DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə danışıb.
25 yaşlı hücumameyilli oyunçu Bakıdakı matçda favorit olduqlarını bildirib:
“Azərbaycan millisinin FİFA reytinqində aşağı pillələrdə qərarlaşması o qədər də əhəmiyyət kəsb etmir. İstənilən rəqiblə oyunda təzyiq olur. Hətta Andorra ilə görüşdə də bunu hiss edirsən. Hansı səviyyədə oynamağınızdan asılı olmayaraq, futbolda heç vaxt asan görüş olmur. İndi Azərbaycana favorit kimi gedirik, amma çətin olacaq. İşləri qaydaya salmaq üçün bu həftə çox iş görməliyik. Yaxşı məşq keçməli və şənbə günü qələbə üçün çalışmalıyıq. Bakıya qələbə qazanmaq üçün gedirik və bunu bacaracağımıza ümid edirəm”.
Makqart Çempionlar Liqasının 2019/20 mövsümünün 2-ci təsnifat mərhələsində baş tutan "Qarabağ" - "Dandolk" görüşlərini də xatırlayıb:
“Evdə onları məğlub etməliydik. Ən azı iki qol vura bilərdik, mənim də fərqlənmək üçün şansım oldu. Səfərdə isə bunun cəzasını çəkdik. Bu cür avrokubok oyunları insanın gözlərini açır. Ələ düşən imkanı dəyərləndirməsəz və rəqibə kiçik boşluq versəz, yararlanacaq. Bu, səhvlərə görə bizi cəzalandıran komandalarla ilk təcrübəm idi”.
Qeyd edək ki, İrlandiyadakı matçda "Qarabağ" "Dandolk"la heç-heçə etmişdi - 1:1. Bakıdakı qarşılaşmada isə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı.