Premyer-liqanın 6-cı oyun həftəsi çempionatın şərikli liderlərinin və autsayderlərinin qarşıdurması kimi yadda qaldı.
Tura isə Zirədə start verildi. Ötən tur səfərdə “Səbail”i məğlub edən Bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi son 3 oyunda qələbəyə həsrət qalan “Sumqayıt”ı qonaq edirdi. Bir qədər cansıxıcı alınan, daha çox meydanın mərkəzində gedən oyunun ilk dəqilərində qonaqlar fəal görünsələr də, meydan sahiblərinin ilk ciddi hücumu qolla nəticələndi və “qartallar” sona qədər minimal üstünlüyü qoruya bildi. Qələbə sayəsində xal ehtiyatını 11-ə çatdıran Rəşad Sadıqovun komandası artıq “Qəbələ”yə çatıb və “qırmızı-qaralar”la 3-4-cü yerləri bölüşür. “Kimyaçılar” isə əksinə, turdan-tura aşağı yuvarlanır.
Həftəiçi çətin Cənubi Kipr səfərinə yollanan “Qarabağ” “Omoniya” ilə oyundan 72 saat keçməmiş premyer-liqada “Qəbələ” ilə üz-üzə gəlmək məcburiyyətində idi. Bəlkə də çoxları ağdamlıların yorğunluq fonunda xal itirəcəyini düşünürdü. Ancaq Qurban Qurbanovun çalışdırdığı komanda belə düşünənlərin proqnozlarını alt-üst etdi. Cari mövsümdə istər Konfrans Liqasında, istərsə də premyer-liqada məzmunlu oyun sərgiləyən kollektiv “qırmızı-qaralar”a şans tanımadı və rəqibi iki dəfə məyus etməklə çempionatın şəriksiz lideri oldu. Uzun müddət “ayağı bağlanan” Ramil Şeydayev 3 gün əvvəl “Omoniya”nın qapısına yol tapmışdısa, bölgə təmsilçisi ilə qarşılaşmada da adını tabloya yazdırdı ki, bunu xüsusi qeyd etmək lazımdı. Elmar Baxşıyevin komandası yenilsə də, xoş sözlərə layiqdi. “Qırmızı-qaralar” oyun planında heç də pis təsir bağışlamadı, “Qarabağ”ın ad-sanından çəkinməyərək oyun intizamını qorudu. Sadəcə, rəqibin heyətindəki futbolçuların fərdi ustalıq səviyyəsi özünü göstərdi.
Vaxt ötdükcə öz oyununu tapan “Neftçi” bu dəfə səfərdə “Səbail”i udmaqla azarkeşlərini sevindirdi. Samir Abasovun rəhbərlik etdiyi komanda 90 dəqiqəni inamlı keçirərək “dənizçilər”ə şans tanımadı. Onu da qeyd edək ki, qələbədə flaqmanın yeni transferi Tyaqo Bezerranın xüsusi payı oldu. Braziliyalı forvard dublla yadda qaldı. “Dənizçilər” isə 3-cü tura təsadüf edən “Sumqayıt” üzərində qələbədən sonra xala həsrət qalıb.
“Keşlə” və “Sabah” bu tura qədər hərəyə 1 xal qazanmaqla tunir cədvəlinin 7-8-ci pilləsində qərarlaşmışdı. Autsayderlərin qarşıdurmasını 6 xallıq matça da bənzətmək olardı. “Qırmızı-ağlar” matçın əvvəlində və sonunda vurduğu qollarla ən yaxın rəqibindən 3 xal aralandı ki, bu da yığmaların oyunlarına görə premyer-liqada yaranacaq fasilədə komandaya psixoloji cəhətdən özünə gəlməyə imkan verəcək. “Sabah”ın isə gələcəyi qaranlıq görünür. Ramin Quliyev “tələbələr”i heç cür “qara zolaqdan çıxara” bilmir. Və bu gedişlə də nəsə edəcəyi inandırıcı görünmür. Turdan-tura düşərgədə ab-hava korlanır, rəhbərliyin, hər nə qədər etiraf olunmasa da, baş məşqçiyə inamı azalır.
Azərbaycan premyer-liqası
1-ci dövrə, 6-cı tur
1 oktyabr
Zirə - Sumqayıt 1:0
2 oktyabr
Keşlə - Sabah 2:0
Səbail – Neftçi 1:3
3 oktyabr
Qarabağ – Qəbələ 2:0
1. Qarabağ 6 4 2 0 11-3 14
2. Neftçi 6 4 1 1 13-7 13
3. Qəbələ 6 3 2 1 11-5 11
4. Zirə 6 3 2 1 8-5 11
5. Sumqayıt 6 2 1 3 4-4 7
6. Səbail 6 2 0 4 4-13 6
7. Keşlə 6 1 1 4 4-10 4
8. Sabah 6 0 1 5 2-10 1
Bombardirlər: Davit Volkov (Zirə) – 5, Ülvi İsgəndərov (Qəbələ), Filip Ozobiç (Qarabağ) – 3.
Növbəti turun oyunları: 16 oktyabr – Səbail – Keşlə, Qəbələ - Zirə; 17 oktyabr – Sabah – Qarabağ, Sumqayıt – Neftçi.
RƏŞAD