"İnşallah, oktyabrın 8-də İdman Arbitaj Məhkəməsində dinləmə keçiriləcək. Bu proses onlayn olacaq. Çünki COVİD-19 pandemiyası hələ də bitməyib. Bu səbəbdən də dinləmə artıq İsveçrədə yox, onlayn keçirilir".
Bu sözləri "Football-plus.az" saytına açıqlamasında Fərid Haqverdiyev deyib. Ötən il "feysbuk"da Gəncə və Bərdədə baş verən terror hadisələrinə görə post yazan "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun vəkili müvəkkilinin İdman Arbitaj Məhkəməsindəki dinləmə prosesindən danışdı. Tanınmış hüquqşünas məsələ ilə bağlı yekun qərarının nə vaxt veriləcəyini dəqiq bilmədiyini dilə gətirdi:
"Bununla bağlı son hazırlığı tamamlamışıq. Prosedura uyğun olaraq, birinci biz çıxış edəcəyik. Daha sonra qarşı tərəf öz mövqeyini bildirəcək. Bundan əlavə, heyətin qarşı tərəfə və ya bizə hansısa sualı olacaqsa, ünvanlayacaqlar. Cavablandırılma prosesi başa çatdıqda sonra yekun müzakirə olacaq. Bundan sonra qərar veriləcək. Bu, həmin an baş verməyəcək. Ola bilsin, bir həftədən sonra açıqlansın. Sadəcə, nəticə hissəsi ictimaiyyətə təqdim olunacaq. Ola bilər ki, əsaslandırılmış qərar hələ verilməsin. Əvvəlcədən yekun nəticənin nə vaxt bilinəcəyini deyə bilmərik. İnşallah, hər kəsin duası ilə yaxşı nəticə gözləyirik".
İLKİN SULTANLI