Həftəsonu İspaniya çempionatında keçirilən 8-ci turun oyunlarında qeydə alınan nəticələr iki məşqçinin işini itirməsinə səbəb olub.
“Levante” rəhbərliyi baş məşqçi Pako Lopesi istefaya göndərib.
Klubun rəsmi saytının məlumatında bu qərara komandanın uğursuz nəticələrinin səbəb olduğu bildirilib. Şənbə günü “Malyorka”ya uduzan (0:1) “Levante” hazırda La Liqada 8 oyuna 4 xalla 20 iştirakçı arasında 18-ci yeri tutur. 54 yaşlı Lopes komandanı 2018-ci ildən çalışdırırdı. Qeyd edək ki, o, klub tarixində valensiyalılara ən uzun müddət başçılıq edən mütəxəssisdi.
Bazar günü evdə “Real Sosyedad” ilə heç-heçə (1:1) oynayan “Xetafe”də də baş məşqçi istefası zərurətə çevrilib. Rəhbərlik Miçeli vəzifəsindən azad edib. Komanda hazırda 8 oyuna 1 xalla sonuncu yeri tutur.