Fransa çempionatının 9-cu turu çərçivəsində Türkiyə yığmasının üzvlərinin şərəfini qoruduğu klublar – ''Lill'' və ''Marsel'' üz-üzə gəldi.
''Pyer Marua'' stadionundakı qarşılaşmada meydan sahibi ''Lill'' Conatan Devidin 28-ci və Timoti Veanın 95-ci dəqiqədə vurduğu qollarla 2:0 hesabı ilə qalib gəldi. ''Lill''də Burak Yılmazla Zəki Çəlik, ''Marsel''də isə Cengiz Ündər start heyətində meydana çıxdı. Oyun Cengiz üçün uğursuz alındı. 24 yaşlı vinger 24 və 77-ci dəqiqələrdə aldığı sarı vərəqələrdən sonra meydanı vaxtından əvvəl tərk etməli oldu.
Bununla da Cengiz peşəkar karyerasında ilk dəfə qırmızı vərəqə aldı! Bu nəticə ilə ardıcıl 3-cü qələbəsini qazanan son çempion ''Lill'' xalını 14-ə yüksəldərək 8-ci pilləyə qalxdı. Ardıcıl 3-cü oyunda qalib gələ bilməyən və bu müddətdə cəmi 1 xal qazanan ''Marsel'' isə 14 xalda qalaraq 5-ci pilləyə gerilədi.