13-cü yazı
Azərbaycan Respublikasısının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyimiz layihə çərçivəsində növbəti yazını sizə təqdim edirik.
Bu layihənin əsas məqsədi həm gələcəyimiz olan uşaq və yeniyetmələrin sağlam böyüməsinə, onların düzgün tərbiyələndirilməsinə kömək göstərmək, həm də ümumilikdə bu sahədə olan problemləri araşdırmaqdı. Bir müddətdi ki, yazılarımızda narkomaniya adlı bəlaya geniş yer verir, narkotik vasitələrin zərərlərindən mütəxəssislərin də köməyi ilə geniş bəhs edirik. Təəssüf ki, bütün bu maarifləndirici tədbirlərə baxmayaraq, gənclərimiz arasında yeni-yeni qurbanlar tapılır.
Uşaq və yeniyetmələrin, o cümlədən də gənc futbolçuların pis vərdişlərdən uzaq durması, sağlam həyat tərzi sürməsi üçün səylərimizi daha da artırmalı, mübarizəni ciddiləşdirməliyik.Gəncləri narkomaniyadan necə uzaq tutmaq olar? Bu yolda idmanın, eləcə də futbolun rolu nə dərəcə vacibdi? Bu suallarla mütəxəssislərə müraciət etdik.
Uzun müddətdi “Qəbələ” Futbol Akademiyasında çalışan, gənc futbolçularla işdə böyük təcrübəyə malik Famil Xəlilovun fikirləri belə oldu:
“Heç kimə sirr deyil ki, narkotiklərin yayılması üçün əsas şərtlərdən biri gənc nəslin nəzarətsiz qalması, onların belə demək mümkünsə, heç bir məşğuliyyət tapmamasıdı. İnsanın başına gələn bir çox bəlaların səbəbi elə budu. Buna görə də gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün hər bölgədə, hər şəhərdə şərait qurulmalıdı. Məsələn, demək olar ki, rayonlarımızın əksəriyyətində Olimpiya İdman Kompleksi var. Kütləvilik üçün onları həftənin müəyyən günlərində pulsuz etmək olar. Belə olanda gənclərdə idmanın müxtəlif növlərinə maraq yaranar, onlar pis vərdişlərdən uzaq qalarlar. Futbol bu işdə təbliğat vasitəsi kimi də böyük rol oynayır. Premyer-liqa qarşılaşmaları zamanı əsas komandaların futbolçuları “Narkomaniya yox deyək” şüarı yazılmış pankartlarla meydana çıxsalar, bu oyunları izləyənlərə vacib mesaj yollamış olarlar. Eləcə də stadionlarda reklam lövhələri yerləşdirmək mümkündü. Rayon mərkəzlərində, kəndlərdə əhalinin bol oldugu yerlərdə də bu cür təbliğat məqsədli reklam lövhələri yerləşdirərək pis verdişlərin zərərləri haqqında gəncləri davamlı məlumatlandırmaq olar. Televiziya vasitəsi ilə gündəlik programlar təşkil edib, keçmişdə bu vərdişlərə qurşanan, daha sonra müalicə alan insanları bu verilişlərə çagırmaq da ümumi işə xeyir verər. Onlar bu zərərli vərdişlərin insanı nə hala gətirdiyini gənclərə çatdırar. Cəmiyyətin istənilən təbəqəsi bu mübarizədə ümumi işə xeyir verməlidi, o cümlədən də futbol mütəxəssisləri”.
Bu mövzuyla bağlı tanınmış mütəxəssis Şahin Diniyevə də müraciət etdik. Bu da səbəbsiz deyil. Şahin bəy iki futbolçu atasıdı. Onun övladları Kərim və Coşqun uzun müddətdi yaşıl meydanlardadı. Deməli, ata Diniyevin həm də bir valideyn kimi mövqeyini öyrənməkdə fayda var. Mövzuyla bağlı Şahin bəy saytımıza bunları dedi:
“Çox vacib və aktual mövzuya toxunmusuz. Futbol təkcə narkomaniya ilə mübarizədə deyil, uşaqları pis vərdişlərdən çəkindirmək üçün yaxşı vasitədi. Əvvəla, futbolla məşğul olan uşaqlar asudə vaxtını səmərəli keçirir. Bundan başqa, futbol oynamaqla onlar öz enerjilərini düzgün istiqamətə xərcləyirlər. Futbol onu sevənlərə həzz verir, onu oynayanlar bu işdən ləzzət alırlar. Sözsüz, futbolu sevən insan pis vərdişlərdən də uzaq olur. Çünki onların vaxtı elə məşqlərə, oyunlara gedir. Böyük futbolçu olmaq istəyən uşaq qarşısına məqsəd qoyur, bunun üçün çalışır. Mən narkotik aludəçisi olanları məqsədsiz insan sayıram. Yeniyetmə futbolçular məşhurları özlərinə kumir seçir, arzuladıqları komandanın səviyyəsinə çatmaq, orda oynamaq üçün gərgin məşqlərə qatılırlar. Kövrək uşaq ürəyi, həssas beyin kumirin həyat yolunu təkrarlamağa, ona bənzəməyə çalışır. İndi məşhurlar kimdi? Ronaldo və ya Messi. Uşaqlar da çalışırlar onlar həyatını sosial şəbəkələrdən, televiziyalardan, mətbuatdan öyrənsinlər, onlara bənzəsinlər. Diqqət yetirmisizsə, bu məşhurlar qaçqınlara, yoxsul uşaqlara hansısa yardım göstərəndə bu xeyriyyəçilik əməlləri uzun müddət gündəmdə qalır. Gənclər də onlardan bu nümunəni götürə bilərlər. Hansısa uşağın futbola yazdırılması o demək deyil ki, ondan mütləq böyük futbolçu çıxacaq. Bu uşaq futbola istiqamətlənsə, doğru yolla gedəcək, enerjisini fiziki cəhətdən sağlam olmağa sərf edəcək. Futbol həm də uşaqlara iradə, dözümlülük, mübarizə öyrədir. Daim topu, futbolu fikirləşən uşağın heç bir pis vərdişə həvəsi, gücü, vaxtı qalmayacaq. Əlbəttə, hər birimiz bunun tərəfdarıyıq. Bu yaxınlarda Vətən Müharibəsində qəhrəmanlıqla şəhid olan igidlərimizin anım günü idi. Yaşlarına görə onları biz gənc sayırdıq, amma onlar 18-20 yaşında böyük şücaət göstərdilər, tarix yazdılar. Çoxları buna inanmırdı. Bizim övladlarımız, gənclərimiz çox şeyə qadirdilər. Onlara inanmaq və düzgün istiqamətləndirmək lazımdı. Məktəbin bu işdə nə qədər rolu varsa, valideynlərin də o qədər rolu var. Valideynlər təkcə uşaqlara nəzarət etməklə kifayətlənməməli, onların asudə vaxtının düzgün istifadəsi üçün idman məşğələlərinə yönəltməlidilər. Əmin ola bilərsiz ki, belədə həm pis vərdişlərlə məşğul olanlar azalacaq, həm də sağlam idmançılarımızın sayı artacaq”.
İLKİN SULTANLIMaterial Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.