Artıq bir neçə aydı dünya çempionatının ənənəvi olaraq 4 deyil, 2 ildən bir təşkilinin mümkünlüyü ilə bağlı müzakirələr aparılmaqdadı.
Bu ideya FİFA-ya, daha dəqiq desək, təşkilatın futbolun inkişafı şöbəsinin rəhbəri Arsen Vengerə məxsusdu. FİFA ideya ilə bağlı açıq dialoq prosesində maraqlıdı. Ali futbol qurumunun prezidenti Canni İnfantino futbol aləmində heç də birmənalı qarşılanmayan yeniliklə bağlı fikirlərini FİFA-nın saytına açıqlayıb:
“FİFA dörd ildə bir dəfə bir ay davam edən turnir keçirir. Bu təşkilat 211 milli assosiasiyaya futbolun inkişafı istiqamətində kömək edir. FİFA-nın məqsədi futbolun bütün dünyada inkişafına nail olmaqdı. Amma bu hədəfə yalnız daha müntəzəm əsasda daha uğurlu futbol yarışı təşkil edə biləcəyimiz halda çata bilərik. Bu səbəbdən FİFA yeni ideya ilə bağlı dialoqa açıqdı. Çünki kişi, qadın və yeniyetmə futbolunun həm beynəlxalq təqvim məsələsində, həm də dünya çempionatının final mərhələsində islahat aparmaq planında inkişafı üçün daha yaxşı variantı tapmağa can atırıq”.
İsveçrəli funksioner yeni ideyanı dünya futbolunda məcburən reallaşdırmaq niyyətində olmadığını da qeyd edib:
“Bizim futbolun gələcəyini yenidən formalaşdırmaq, irəli baxmaq, keçmişdə buraxılan nöqsanlardan nəticələr çıxarmaq və gələcəyi qurmaq üçün imkanlarımız var. Ona görə ki, məqsədimiz futbolu qloballaşdırmaqdı. Amma hər hansı dəyişikliyə yalnız yenilik hamıya xeyir gətirəcəyi halda gedəcəyik. Heç kim yenilikdən zərər görməməlidi. Əks halda futbol dünyası bir xeyir görməyəcəksə, mövcud olan nəyisə dəyişmək üçün heç bir səbəb olmayacaq”.