Kiprli həmkarlarımız darmadağın gözləmirmiş…
“Omoniya”nın “Qarabağ” önündə darmadağın olması Cənubi Kiprdə çoxlarını təəccübləndirib. Ölkənin mətbuatında yer alan qeydlərdən də bunu hiss etmək mümkündü. Marağımıza səbəb olan hissələrlə sizi də tanış edirik.
24sports: “Omoniya” meydanda yenə də görünmədi. Ağır məğlubiyyət və təkrarlanan pis görüntü üzündən dərin məyusluq keçiririk. Hər kəs Konfrans Liqasının qrupunun ilk ev oyununda qələbə gözləməsə də, ən azı müsbət nəticə gözləyirdi. Bu ağır məğlubiyyət “yaşıllar”ın pley-off ümidini əhəmiyyətli dərəcədə azaltdı. Komandada işlər pisləşib. Fövqəladə bir oyunda, evinizdə öndə olarkən, 10 min azarkeşin qarşısında 1:4 uduzursuz. Ən bədbin “Omoniya” fanatı da bu faciəni gözləmirdi. Oyun boyunca "yaşıllar" topa daha çox sahib olmağa çalışdı. Amma əks-hücumlar və uzaqdan zərbələr ilə hücum ritmini idarə edən tərəf "Qarabağ" oldu. Azərbaycanlılar daha güclü, təravətli, aqressiv idilər. Onlar topu rəqiblərindən asanlıqla alaraq hücumlar qururdular. “Qarabağ” “Omoniya”nın harda səhvlər etdiyini təhlil edərək, həmin mövqelərdən təzyiqi artırırdı. Rəqib “yaşıllar”a sözün əsl mənasında dərs keçdi. “Omoniya” çox çalışsa da, matçı qazanmaq üçün cəsarəti yox idi. Hücum edə bilməyən komanda adi ara ötürmələrində də səhv edirdi. Bunun səbəbi futbolçuların ya tələskənliyi, ya da bir-biri ilə anlaşa bilməməsi idi. Məğlubiyyətin digər tərəflərinə nəzər salsaq, norveçli baş məşqçinin "Pafos"la oyundakı start heyətində 6 dəyişiklik etdiyini görmək olar. Bəlkə də bu səbəbdən futbolçular arasında anlaşmazlıq oldu. Bu da komanda oyununun alınmaması ilə nəticələndi. Matç haqda ümumi fikir bildirsək, “Qarabağ” 90 dəqiqə ərzində aşkar şəkildə rəqibindən üstün idi. Komandanın ilk hissədə də qol vurmaq şansları oldu. Amma hesabı açan tərəf təmsilçimiz idi. İkinci hissədə isə tam fərqli “Omoniya” gördük. Onlar rəqibinin təzyiqlərinə tab gətirə bilmirdilər. “Qarabağ”ın “yaşıllar”dan üstünlüyü oyunun statistikasında da əksini tapdı. Daha dəqiq desək, Qurbanovun yetirmələri 21 zərbə vurdu ki, 7-si “çərçivə”yə düşdü. “Omoniya”nın isə 4 zərbəsindən 3-ü hədəfə çatdı”.
Kerkida.net: “Omoniya”nın ən bədbin pərəstişkarı belə “Qarabağ”a ağır məğlubiyyəti gözləmirdi. 4 qol ağır və dözülməzdi. “Yaşıllar” matçın ikinci hissəsində kağız qüllə kimi çökdü... Demək olar ki, bütün “Omoniya” azarkeşləri kütləvi şəkildə klublarını dəstəkləmək üçün tribunalara toplaşmışdı. Ancaq onların komandası meydanda cəmi 45 dəqiqə varlıq göstərə bildi. Rəqibdə isə vəziyyət gözlənilməz dərəcədə yaxşı idi. Biz komandaya bələdik. Amma xüsusi bir ismi – Kadi Borgesi diqqətinizə çatdırmaq istəyirik. O,1,5 ay ərzində hər iki Kipr komandasına ziyan vurmağı bacardı. 25 yaşlı futbolçu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində AEL-ə 1, “Omoniya”ya isə 2 qol vurdu. Braziliyalı Azərbaycan çempionatında fərqlənə bilməsə də, avrokuboklarda parlaq oyun nümayiş etdirir. O, Şotlandiya “Aberdin”inin də qapısına yol tapıb. Hazırda Kadinin hesabında 4 qol var”.
Protathlima.cyprustimes: "Qarabağ"la matçın 2-ci hissəsində “Omoniya” mövsüm ərzində üzləşə biləcəyi bütün problemləri və hissləri maksimum dərəcədə yaşadı. Ritm, intensivlik, təzyiq, dözüm və yaradıcılıq çatışmazlığı olan təmsilçimiz düzgün müdafiə də oluna bilmədi. Nəticədə isə qapısında 4 qol gördü. Bu, komandada problemin nə qədər böyük olduğunu göstərir. Azərbaycanlılar mükəmməl çıxış etdi. “Omoniya”nın bütün çatmışazlıqlarından yararlandılar. Ümumilikdə “Qarabağ” “yaşıllar”ın əksinə, bu il çox yaxşı təsir bağışlayır. “Omoniya” əsasən ikinci yarıda çökdüyünə görə performansında problem yaşadı. Bu məğlubiyyətlə "yaşıllar" turnirin növbəti mərhələsinə vəsiqə qazanmaq ümidlərini böyük ölçüdə itirdilər”.
Shootandgoal.cyprustimes: “Omoniya” qrupda keçirdiyi ilk ev oyununda ağır məğlubiyyətə uğradı. Qarşılaşma “yaşıllar”a böyük xəyal qırıqlığı gətirdi. “Yonca komandası” “Qarabağ” qarşısında yıxıldı. Berq problemləri aradan qaldırmağın yolunu tapmalıdı”.
Sport-fm.com.cy: “Omoniya”nın Avropada keçirdiyi bu bəd gecə və pis nəticə dərhal geridə qalmalıdı. Komanda toparlanıb ölkə çempionatında da vəziyyəti yaxşılaşdırmalıədı. Həqiqət budu ki, cümə axşamı komandanın uğradığı məğlubiyyətə görə hər kəsdə böyük məyusluq var. Amma bunu geridə qoymalıdılar. Oyundakı səhvləri Henninq Berq təhlil etməlidi. Azərbaycanlıların 0:1 geridəykən 4:1 qələbə qazanmasından nəticə çıxarılmalıdı. “Qarabağ” hazırda “Bazel”lə birlikdə qrupda liderlik edir. İsveçrə təmsilçisinə qarşı göstərdiyi oyunu da nəzərə alsaq, “Qarabağ”ın favorit olduğunu deyə bilərik”.
SƏNƏM FƏRHADOVA