İngiltərə premyer-liqasının 2021/22 mövsümünün mərkəzi oyunlarınıın İTV ilə yayınlanması haqda razılıq əldə olunub.
"Footbal-plus.az" saytının məlumatına görə, bu haqda telekanalın rəsmi səhifəsi paylaşım edib.
Bəs necə oldu ki, İTV belə qərar verdi? Hər həftə yayınlanacaq 2 oyun nəyə əsasən seçiləcək?
Bu sualların cavabını İTV-nin İdman departamentinin rəhbəri Kənan Hakimovdan soruşduq:
"İngiltərə premyer-liqasının cari mövsümünün ölkə ərazisində yayınlanmayacağı bəlli olandan sonra İTV-nin sosial şəbəkə hesablarına bununla bağlı çoxsaylı müraciətlər, minlərlə məktub ünvanlandı. Hətta yetərincə auditoriyası olan futbol, qeyri-idman səhifələri də bu kampaniyaya qoşuldu. Bizə açıq məktub ünvanladılar. Bu, şəxsən özüm üçün də gözlənilməz idi. Düşünürəm ki, bunun səbəbi, idman telekanalı olmasaq da, son illər ərzində davamlı olaraq mötəbər idman tədbirlərini yayınlamağımızdı. Sanki futbol həvəskarlarında belə bir hiss var idi ki, hazırkı məqamda yalnız biz bu missiyanı üzərimizə götürə bilərik. Azarkeşlərin üzləşdiyi problemləri biz də görürdük. Bilirdik ki, futbolsevərlər ölkəmizdə kabel televiziyası ilə baxılan qonşu ölkələrin futbol telekanallarında da oyunları izləməklə bağlı problemlərlə üzləşirlər. Həm internet, həm də peyk üzərindən pullu yayın isə hamının büdcəsinə uyğun deyil. Və böyük ictimai marağı nəzərə alıb premyer-liqanın cari mövsümünün mərkəzi qarşılaşmalarının ölkəmizdə yayınlanması ilə bağlı danışıqlara başladıq. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. 7-ci turdan etibarən hər turun iki maraqlı görüşü telekanalımız vasitəsilə canlı yayında azarkeşlərə təqdim olunacaq.
Müqavilədə hər tur 2 oyunun canlı yayınlanması nəzərdə tutulub. Daha çox maraq doğuran qarşılaşmaları göstərəcəyik".
Hakimovdan kənardan şərhçilərin dəvət olunub-olunmayacağını, "Saran Holdinq"in ölkəmizdə 2 idman kanalı olmasına baxmayaraq, nə üçün İTV ilə əməkdaşlıq etdiyini də soruşduq:
"Biz həm DÇ-2018, həm də son Avropa çempionatında kənardan şərhçi cəlb etmişik. Bu da təbii ki, oyunların çoxluğundan irəli gəlirdi. İndi nəzərə alsaq ki, bir tur ərzində cəmi 2 oyun yayınlayacağıq, o zaman dediyiniz məsələ aktuallığını itirir. Əsas şərhçimiz, təbii ki, hamının yaxşı tanıdığı və bu sahədə öncüllərdən olan illərin təcrübəsi Tural Dadaşovdu. Mən və digər əməkdaşımız Elnur Əliyevin də şərhçilik təcrübəsi var.
Digər suala gəlincə, müsahibənin əvvəlində dediyim kimi, çoxsaylı xahişləri və məktubları nəzərə alaraq yayınla bağlı müraciət etmişik. İnanırıq ki, bu əməkdaşlıq hər iki qurum üçün uğurlu olacaq. Bizimlə əməkdaşlıq etdiyinə görə "Saran Holdinq"ə təşəkkür edirik. Qiymət məsələsinə gəlincə, təbii ki, bu kommersiya sirridi".
GÜNAY VƏLİYEVA