Azərbaycan premyer-liqasının 6-cı turunda “Keşlə” “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra qəsəbə təmsilçisinin məşqçisi Zaur İsmayılov mətbuat konfransında iştirak edib.
O, əvvəlcə matç barədə fikirlərini bildirdi:
“Ağır oyun keçdi. Hər iki komanda son sıralarda idi. Hər iki tərəfə qələbə lazım idi. Sevinən biz olduq. Uşaqlara təşəkkür edirəm. Rəqibə uğurlar arzulayıram”.
- Sanki Sənan Qurbanovun texniki zonada yoxluğu daha çox “Keşlə”nin xeyrinədi...
- Belə deməzdim. O, kənardan da olsa, göstərişlərini verirdi. Qələbəmiz çoxdandı gözlənilirdi.
- Matçdan sonra Felipe Santozdan tərbiyəsiz jesti oldu. Epizodu gördüzmü?
- Görmədim. Baxacağıq, belə bir şey olubsa, cəzasını alacaq.
- 90 dəqiqə qapandız. Bu, sizin tapşırığınız idi, yoxsa komanda məcburən geri çəkilirdi?
- Rəqibi mərkəzdə qarşılamaq istəyirdik. Erkən qoldan sonra da arxaya çəkildik. Bu, rəqibin hücumları ilə bağlı idi. "Sabah"da texnikalı futbolçular çoxdu. İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi.