Sabah İngiltərə çempionatının 7-ci turunun mərkəzi oyununda son iki mövsümün çempionları - ''Liverpul'' ilə ''Mançester Siti'' üz-üzə gələcək.
Oyundan öncəki mətbuat konfransında hər iki klubun məşqçiləri maraqlı açıqlamalar verib.
''Siti''nin çalışdırıcısı Xosep Qvardiola bu səviyyəyə çatmasında həmkarı Yürgen Kloppun böyük rolunun olduğunu qeyd edib:
''Etiraf edim ki, Kloppun komandaları mənim daha güclü məşqçi olmağıma və yeni səviyyəyə çatmağıma yardım edib. Onun sayəsində hər zaman özümü sübut etmək ehtiyacı yaranırdı. Son 4 mövsümdə ''Liverpul'' ilə aramızda böyük rəqabət yaşanıb. Bu rəqabət hər iki klubun da xeyrinədi. Amma premyer-liqa çox çətin turnirdi və 2 komandadan ibarət deyil. Çempionluq uğrunda mübarizə aparan çox komanda var''.
''Liverpul''un baş məşqçisi Yürgen Klopp isə ''Siti''ni hazırda Avropanın ən güclü klubu adlandırıb:
''Mançester Siti'' qeyri-adi komandadı. PSJ-yə qarşı keçirdikləri son matçı izləmişəm. Məğlub olsalar da, çox yaxşı oynadılar. Sadəcə fürsətlərdən yararlana bilmədilər. Amma 90 dəqiqə ərzində PSJ-dən üstün futbol sərgiləyərək meydanda dominantlıq etdilər. Bu da onların hansı səviyyədə olduğunu göstərir. ''Siti'' kimi klubla hər mövsüm rəqabət halında olmaq özəl bur durumdu. Onlara qarşı şansınızın olması üçün ən yaxşı oyununuzu sərgiləmək məcburiyyətindəsiz. Fikrimcə, ''Siti'' hazırda Avropanın ən yaxşı klubudu''.