''İstanbul BŞ''də gözlənilən oldu.
Uğursuz gedişatın qarşısını heç cür ala bilməyən Aykut Kocaman sonda ''ağ bayraq'' qaldırmağa məcbur oldu. Dünən 8-ci tur çərçivəsində başakşəhərlilərin səfərdə ''Fatih Karagümrük''ə 1:3 hesabı ilə məğlub olduğu oyundan sonra təcrübəli mütəxəssis rəhbərliklə danışacağını və istefa verəcəyini bildirdi. 56 yaşlı çalışdırıcı yaranmış mürəkkəb vəziyyətdə hər iki tərəf üçün ən yaxşı çıxış yolunun məhz istefa olduğunu qeyd etdi.
Ümumiyyətlə 2019/20 mövsümündə qazandığı tarixi çempionluqdan sonra bu klubda nə baş verdiyini heç kim anlamır. Çempionluqdan sonra sanki oyunçuların bütün motivasiyası itib. Yeni oyunçular, yəni məşqçilər gəlsə də, ''İstanbul BŞ''də nəticələr heç cür düzəlmir.
Kocaman bu posta bu ilin fevralın 1-də, komandaya çempionluq sevinci yaşadan Okan Burukun istefasından sonra gəlmişdi. Onun ilk günlərdən işləri qaydasında getmədi və komanda ilk qələbəsini yalnız Kocamanın 7-ci oyununda qazandı. Mövsümün gedişində uzun müddət düşmə zonasında var-gəl edən İstanbul təmsilçisi sonda 12-ci pilləni tutdu. Yay hazırlıq dönəmini Kocamanla keçirən ''İstanbul BŞ'' yeni mövsümə böyük ümidlə baxırdı. Amma komanda cari ''futbol ili''nə 4 məğlubiyyətlə başlamaqla böyük bir şok yaşadı. 5-ci turda ilk qələbə ''Fənərbaxça'' ilə oyunda əldə olundu. Amma bundan sonra da qeyri-sabit nəticələr davam etdi. Nəticədə 8-ci turu komanda 2 qələbə, 6 məğlubiyyətlə başa vurdu. Ümumilikdə ''İstanbul BŞ'' Kocamanın dönəmində keçirdiyi 29 rəsmi oyundan 9 qələbə, 6 heç-heçə, 14 məğlubiyyətlə ayrılmış oldu. Klubdan məsələylə bağlı hələ ki, rəsmi açıqlama verilməsə də, istefanın qəbul olunacağı gözlənilir.
Türkiyə mətbuatının yazdığına inansaq, Kocamanın yerinə əsas namizəd Əmrə Belözoğludu. Futbolçu kimi 4 mövsüm başakşəhərlilərin şərəfini qoruyan və başqan Göksəl Gümüşdağla dost münasibətlərində olan Əmrənin bu klubdan gələcək təklifi qəbul etmək ehtimalının yüksək olduğu deyilir.