Premyer-liqanın 5-ci turunda “Zirə” “Səbail”i məğlub etdi - 2:1.
Görüşdə ən maraqlı məqam isə son dəqiqələrdə yaşandı. “Zirə”nin köməkçi məşqçisi Eltun Yaqublu 4-cü hakim Rəşad Əhmədovdan qarşılaşmaya nə qədər artırılacağını soruşdu. O da elektron tablonu qaldırmadan Yaqubluya “5 dəqiqə”, - deyə cavab verdi. Əhmədovun bu hərəkəti qaydalara uyğundu? Rəşad bəy peşə etikasına riayət edib? Bu sualları sabiq FIFA referisi Əfqan Həmzəyevə ünvanladıq:
“Burda 4-cü hakimin heç bir qeyri-adi hərəkəti yoxdu. Rəşad Əhmədov öz işini normal şəkildə yerinə yetirib. Komandalardan birinin baş məşqçisi və ya köməkçi məşqçisi gəlib oyuna nə qədər artırılacağını soruşa bilər. Hakim ona bunu deyə də bilər, deməyə də. Bu, onun öz qərarıdı. Onun belə öhdəliyi yoxdu. Sadəcə, deyə bilər ki, “səbirli olun, görəcəksiz”. Amma sağ olsun ki, cavab verib. Burda qəbahət yoxdu. Qaydalarda da bununla bağlı nəsə yazılmayıb. Sadəcə, hörmət əlaməti kimi suala cavab verib. Rəşad Əhmədov desəydi ki, 7 dəqiqə əlavə olunub, amma tabloda 5 göstərsəydi, o zaman müəyyən mənada etiraz etmək olardı. Burda nə problem var ki? Ehtiyat hakim öz funksiyalarına daxil olan bütün işi yerinə yetirib. Baş hakim ona informasiya vermədən, özündən nəsə desəydi, bu, qayda pozuntusu ola bilərdi. Amma indiki məqamda qeyri-adi nəsə yoxdu”.
İLKİN SULTANLI