Premyer-liqanın 5-ci turunda “Keşlə” - “Qarabağ” görüşünün 44-cü dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov ardıcıl 2 sarı vərəqə aldı.
Fərid Hacıyev sərt etiraza görə onu tribunaya göndərdi. Düzdü, oyunsonrası mətbuat konfransında mütəxəssis bununla bağlı danışmışdı. Lakin Sənan bəy, demək olar ki, hakimlərə tez-tez etiraz edir. Bu üzdən onunla əlaqə saxlayıb, nə üçün hakimlərin qərarlarından narazı olduğunu soruşduq:
“Elçin Mustafayevə adi epizodda sarı vərəqə verdi. Həmin futbolçu bir az aqressivdi. Yadınıza gəlirsə, ötən mövsümün ilk qarşılaşmasında ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulmuşdu. Sonra da ciddi zədə almışdı. Bu hadisələr Elçinə psixoloji cəhətdən çox təsir etmişdi. Biz gənc futbolçuları qazanmağa çalışırıq. Sadəcə, hakimin qərarı ilə razılaşmadım. Çünki həmin epizod zamanı sarı vərəqəlik heç nə yox idi. Bu səbəbdən də aqressivləşdim. Çünki Elçin sərt oynayan futbolçudu. İlk hissədə vərəqə alması bizim xeyrimizə olmayan amil idi. Fasilədən sonra “qırmızı” da ala bilərdi. Ona görə də etiraz etdim. Fərid də gənc hakimdi. Ona da uğurlar arzulayıram. Amma belə epizodlarda diqqətli olmalarını istəyirəm. Yenə deyirəm, Elçin gənc futbolçudu, milli komandanın üzvüdü. Tez-tez qırmızı vərəqə alaraq meydandan qovulması ona şok yaşada bilər. Bu futbolçuları qazanmaq üçün əlimizdən gələni edirik. Aqressiv olmağım məhz buna görə idi.
Hazırda çempionatımızda VAR yoxdu. Sadəcə, hakimlərin çox diqqətli olmalarını istəyirik. Səhv etməsinlər, bəsdi. Nə lehimizə, nə də əleyhimizə yanlış qərar versinlər. Ola bilər ki, biz gənc məşqçilər işimizin başında çox dayanırıq. İnanılmaz dərəcədə vaxt sərf edirik. Daha çox qələbə qazanmaq istəyimiz etiraz etməyimizə səbəb olur. Bəzən nəyisə etməyi planlaşdırırsan, həmin anda hakimin səhv qərarı səni özündən çıxarır. Çünki referinin qərarı bütün işinin üstündən xətt çəkir. Əlbəttə, futbolda belə hallar olur. Yenə deyirəm, sadəcə, onların çox diqqətli olmalarını istəyirik. Bəzən qaydalarda dəyişiklikər tətbiq edirlər. Məsələn, köynəkdən dartmaq, dirsəklə vurmaq və s. Amma biz də bunlarla sonradan razılaşırıq. Çünki bu dəyişikliklər bütün dünyada tətbiq olunur. Mən, sadəcə, hakimlərin diqqətli olmalarını istəyirəm. Autsayderlə lider arasında fərq qoymasınlar. İnanıram ki, bu belədi. Amma oyun ərzində daha çox emosional oluruq, deyə belə reaksiya veririk”.