
Türkiyənin yeni heyətində hansı sürprizlər var?
Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də İstanbulda Norveçi qəbul edəcəksə, oktyabrın 11-də Riqada Latviyanın qonağı olacaq.
''Ay-ulduzlular''ın yeni baş məşqçisi Ştefan Kunts bu oyunlar üçün heyəti açıqlayıb. Bu vəzifəyə gəldiyi gündən bəri çox səyahət edən və yığmaya namizədləri mümkün qədər çox izləməyə çalışan almaniyalının açıqlayacağı heyət böyük səbirsizliklə gözlənilirdi. Amma bəribaşdan deyək ki, Kuntsun siyahısında sürprizlər həddən artıq çoxdu. Onun bəzi qərarları indidən birmənalı qarşılanmayıb.
Məsələn, onun Türkiyə futbol ictimaiyyətinin çoxdan unutduğu qapıçı Sinan Bolatı yenidən yığmaya çağırması qəribə görünür. 33 yaşlı bu qapıçının əvəzinə ''Beşiktaş''da inamlı təsir bağışlayan 20 yaşlı Ərsin Destanoğluya dəvət göndərmək olardı. Bundan başqa, Şenol Günəşin dönəmində ''qara siyahı''ya salınan Sərdar Əziz ilə Günəşin oyununu bəyənməyib AÇ-2020-yə aparmadığı Canər Ərkin də yenidən yığmaya dəvət olunub. Canərlə bağlı maraqlı fakt ondan ibarətdi ki, o, son 52 ildə yığmaya çağırılan ilk ''Fatih Karagümrük''lü futbolçu olub.
Berat Özdəmir, Berkan Kutlu və Serdar Dursun kimi futbolçular isə karyeralarında ilk dəfə yığmaya dəvət olunublar. Maraq üçün Şenol Günəşin sentyabrda açıqladığı siyahıda olan 10 futbolçunun – Mərt Günok, Ərsin Destanoğlu, Alpaslan Öztürk, Umut Meraş, Okay Yokuşlu, Salih Uçan, Efecan Karaca, Xəlil Akbunar, Enes Ünal və Xəlil Dərvişoğlunun bu dəfə yığmadan kənar qaldığını bildirək. Kuntsun bu mövsüm hələ ki heç nə ilə yadda qalmayan Kənan Karaman və Sərdar Dursunu hansı keyfiyyətlərinə görə yığmaya çağırdığı bilinmir. Amma onların hər ikisinin Almaniyada yetişməsi dərhal diqqəti cəlb edir.
Sonda tam siyahını diqqətinizə çatdırırıq:
qapıçılar - Altay Bayındır (Fənərbaxça), Uğurcan Çakır (Trabzonspor), Sinan Bolat (Gent);
müdafiəçilər - Zəki Çəlik (Lill), Kaan Ayhan, Mərt Müldür (hər ikisi ''Sassuolo''), Çağlar Söyüncü (Lester), Ozan Kabak (Norviç), Merih Dəmiral (Atalanta), Sərdar Əziz (Fənərbaxça), Rıdvan Yılmaz (Beşiktaş), Canər Ərkin (Fatih Karagümrük);
yarımmüdafiəçilər – Abdülkadir Ömür, Berat Özdəmir (hər ikisi ''Trabzonspor''), Berkan Kutlu, Kərəm Aktürkoğlu, Taylan Antalyalı (hamısı ''Qalatasaray''), Hakan Çalhanoğlu (İnter), Cengiz Ündər (Marsel), Yusuf Yazıcı (Lill), Orkun Kökçü (Feyenoord), Ozan Tufan (Uotford);
hücumçular – Burak Yılmaz (Lill), Kənan Karaman (Beşiktaş), Sərdar Dursun (Fənərbaxça).