"Mən daha çətin oyun gözləyirdim. Rəqibi qiymətləndirməmək olmaz. Qarşıdakı matçlarda da bu cür çıxış etməliyik".
"Football-plus.az" saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Cənubi Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis əzmkar mübarizəyə görə futbolçularına təşəkkür edib:
"Yaxşı mübarizə apardıq. Düzdü, ilk hissədə hesabda geri düşdük. Amma futbolçular sonadək mübarizə apardılar. Rəqibə gələcək oyunlarda uğurlar arzulayıram. İlk hissədə çoxlu qol imkanlarımız oldu. Sadəcə, standart vəziyyət zamanı ani diqqətsizlikdən qol buraxdıq. Halbuki oyunçulara daha diqqətli olmağı tapşırmışdıq. İkinci hissədə ruhdan düşmədik, medyana qələbə üçün çıxdıq. İkinci yarı daha sürətli alındı və hücumlarımız kəsərli oldu".