Bu gün ''Qalatasaray'' Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə “'Marsel”lə qarşılaşacaq.
İlk turdan sonra qrupda lider olan ''Cim-Bom'' çətin Fransa səfərindən ən azı 1 xalla qayıtmağa çalışacaq.
Oyuna maraq qatan məqamlardan biri ''Marsel''in heyətində Türkiyə yığmasının üzvü Cengiz Ündərin top qovmasıdı. 24 yaşlı vinger daha öncə ''İstanbul BŞ''nin şərəfini qoruyarkən 2016/17-də iki dəfə ''Qalatasaray''a qarşı oynasa da, o matçlarda qol vura bilməmişdi. Onun bu yay icarə əsasında transfer olunduğu ''Marsel'' karyerası çox yaxşı başlayıb və Ündər yerli fanatların ən çox ümid bəslədiyi futbolçulardan biridi. İstedadlı oyunçu bu mövsüm 9 rəsmi oyuna artıq 4 qol vurub.
Dünən keçirilən oyunöncəsi mətbuat konfransında açıqlamalar verən Cengiz bunları deyib:
''Xorxe Sampaolinin mənə güvəndiyini hiss edirəm. Mən də onun etimadını doğrultmaq üçün əlimdən gələni edirəm. Fiziki və psixoloji cəhətdən yaxşı durumdayam. Belə də davam etmək istəyirəm. ''Marsel''də xoşbəxtəm. Bu komandaya keçmək bəlkə də həyatımda qəbul etdiyim ən doğru qərardı. Son oyunda məğlub olsaq da, yaxşı durumda olduğumuzu düşünürəm. ''Qalatasaray''la matça da çox yaxşı hazırlaşmışıq. Avrokubok oyunları çətinliyinə görə hər zaman çempionat matçlarından fərqlənir. ''Qalatasaray''ı yenmək istəyirik. Mənim üçün bir qədər fərqli həyəcan olacaq. Çünki həm Türkiyə təmsilçisinə qarşı oynayacam, həm də onların başında Fatih Terim kimi məşqçi dayanıb. Terim çox dəyərli mütəxəssisdi və mənim üçün də ayrı bir yeri var. Çünki məni yığmaya ilk dəfə dəvət edən məhz o olub. Gənc yaşlarımda məni yığmaya çağırdı və o vaxtdan bəri Türkiyənin şərəfini qorumaqda davam edirəm. Bu üzdən həyəcanım həmişəkindən bir qədər çoxdu. Amma özümü artıq oyuna hazırlamışam və start fitini də böyük səbirsizliklə gözləyirəm. Həmişəki kimi meydana çıxıb komandamın qələbəsi üçün əlimdən gələni edəcəm. Arkadiuş Milikin zədəsini sağaldaraq oynamağa hazır vəziyyətə gəlməsi də bizim üçün əlavə üstünlükdü. Çox önəmli bir forvarddı və onun qollarına ehtiyacımız var. ''Roma''da oynadığım dönəmdə ''Napoli'' ilə matçlarda bir neçə dəfə onunla üz-üzə gəlmişəm və necə güclü oyunçu olduğunu bilirəm. Ümid edirəm ki, bir daha belə ağır zədə almayacaq. Son matçda ''Lans''a məğlubiyyəti çox da şişirtməyə dəyməz. Mövsüm uzundu. Bizim də yorulduğumuz vaxtlar olur. Ona görə də mövsümün gedişində bəzən belə planda olmayan məğlubiyyətlərlə qarşılaşırsan''.
Mətbuat konfransında iştirak edən türkiyəli həmkarlarımızdan biri sonda Cengizdən Ştefan Kuntsun Türkiyə yığmasının başına gətirilməsi ilə bağlı fikir öyrənməyə çalışsa da, futbolçu ''indi yığma mövzusunda danışmağın yeri deyil. Hər işdə bir xeyir var. Mən yalnız qarşıdakı oyun haqda danışmaq istəyirəm'' deyərək bu təyinata münasibət bildirməkdən boyun qaçırıb.