Kunts hər yerdə yığma üzvlərini izləməkdə davam edir.
AÇ-2020-nin final mərhələsində və DÇ-2022-nin seçmə mərhələsində qeydə alınan uğursuz nəticələrdən sonra istefaya göndərilən Şenol Günəşdən xəbər var. Türkiyə mətbuatının yazdığına inansaq, ünlü mütəxəssis “İstanbul BŞ”, “Çaykur Rizəspor”, “Göztəpə”, “Yeni Malatyaspor” kimi superliqa klublarından təklif alsa da, bu təkliflərin hamısını geri çevirib. Günəşin hələ ki bir müddət Türkiyələ işləmək istəmədiyi məlum olub. Hazırda 69 yaşlı məşqçinin esas hədəfi əcnəbi yığmalardan birinin başına keçməkdi. Amma ona hələlik yığma səviyyəsində ciddi təklif gəmıyib. Bu üzdən Günəş bir qədər gözləmək və istirahət etmək niyyətindədi. İstədiyi teklifi almayacağı təqdirdə Günəşin uzun illər öncə olduğu kimi Uzaq Şərqə yollanacağı istisna edilmir.
Xatırladaq ki, Günəş 2007-09-ci illərdə Cənubi Koreya təmsilçisi “Seul”u çalışdırıb. Bu, onun vətəndən kənarda işlədiyi yeganə dönəmdi. Türkiyə yığmasının yeni baş məşqçisi Ştefan Kuntsa gəlincə, o, qollarını çırmalayaraq köməkçiləri ilə birlikdə fəal şəkildə yığma üzvlərini izləməkdə davam edir. Xatırladaq ki, Kuntsun artıq iki köməkçisinin adı rəsmən bəllidi. Federasiya həm Yan-Morits Lixte, həm də Kənan Koçak ilə üçillik müqavilə imzalandığını açıqlayıb. 58 yaşlı Kunts ilk mətbuat konfransında söz verdiyi kimi yığmaya namizədlərin oyunlarını stadiondan canlı izləyir. Ötən həftəiçi Fransaya yollanaraq “Lill”in oyununa baxan və Burak Yılmazın iki məhsuldar ötürmə verməsinin şahidi olan almaniyalı mütəxəssis həftəsonu superliqada “İstanbul BŞ”nin, “Trabzonspor”un, “Qalatasaray”ın oyunlarını, eləcə də “Kasımpaşa” – “Konyaspor” matçını stadiondan canlı izlədi. Bu gün isə onun “Ülkər”ə gələrək “Fənərbaxça” – “Olimpiakos” qarşılaşmasını izləyəcəyi gözlənilir. Günəşdən fərqli Kunts sosial şəbəkələrdə də çox fəaldı. İzlədiyi hər oyundan şəkillər paylaşan almaniyalı məşqçi eyni zamanda “instaqram”da yığmaya namizədləri bir-bir təqib etməyə başlayıb.