“Qalatasaray” “Türk Telekom” şirkəti ilə 10 ildən çoxdu davam edən işbirliyinə son qoymağa hazırlaşır.
Başqan Burak Elmas iyundakı seçkidə qalib gələrkən onun əsas vədlərindən biri stadion üçün isim sponsorluğu məsələsinin problemsiz həll olunacağı ilə bağlı idi. Rəhbərlik uzun müddətdi mətbuatdan gizli şəkildə Qətər təmsilçiləri başda olmaqla, bir çox yerli və xarici şirkətlərlə danışıqlar aparır. Türkiyə mətbuatının yazdığına inansaq, artıq bir şirkətlə bütün məsələlərdə anlaşma əldə olunub. Həmin şirkətlə “5+5” illik müqavilə imzalanacağı və İstanbul nəhənginin bu anlaşmadan təxminən 100 milyon dollar qazanacağı gözlənilir. Hazırda müqavilənin son detalları razılaşdırılmaq üzrədi və bu üzdən hətta Burak Elmas bu gün baş tutacaq “Marsel”ə qarşı oyun üçün Fransaya yollanmayacaq. Anlaşmaya forma sponsorluğu daxil deyil. Bu məsələnin bir neçə gün ərzində rəsmən açıqlanacağı gözlənilir. Bu günə qədər heç bir sponsorluq anlaşmasında yer almayan Elmasın bu dəfə bu tədbirdə iştirak edəcəyi və jurnalistlərin bütün suallarını cavablayacağı gözlənilir.
Qeyd edək ki, Şişli Bələdiyyəsi tərəfindən Seyrantəpə adlanan yerdə 120000 kvadrat metrlik ərazidə inşa olunan “Əli Sami Yen Spor Kompleksi” 2011-ci il yanvarın 15-dən istifadəyə verilib. Həmin vaxt rəhbərlik “Türk Telekom” şirkəti ilə 10 illik anlaşma əldə etdikdən sonra 2010/11-in qış fasiləsindən bu yana stadion məhz belə adlanır. Amma bu ilin sonunda anlaşmanın müddəti başa çatacaq. Bu stadionda ümumilikdə 4500-dən çox VİP-loja var. “Qalatasaray”ın son 10 ildə 5 dəfə çempion olduğunu nəzərə alsaq, stadionun komanda üçün çox düşərli olduğunu qeyd edə bilərik. Maraq üçün bu arenada azarkeş rekordunun 2019-cu il mayın 5-də qeydə alındığını vurğulayaq. Həmin vaxt “Beşiktaş”a qarşı keçirilən derbini 51578 futbolsevər izləmişdi.