Premyer-liqanın 5-ci turunda hakimliklə bağlı bir sıra maraqlı hadisələr yaşandı.
Ümumi mənzərəni nəzərə alıb, referilərin oyunları yaxşı idarə etdiklərini deyə bilərik. Ümumiyyətlə, 4 qarşılaşmada hakimlər futbolçulara 21 vərəqə göstərdilər. Bunların hamısının rəngi sarı oldu. Turda cəmi iki komanda - “Sabah” və “Qarabağ” 1 vərəqə ilə cəzalandıqları üçün “həftənin ən centlmen klubları” adına sahib çıxdılar. Ən kobud klub adına da ikisi yiyələndi. “Zirə” və “Qəbələ”nin 4 futbolçusu qarşısında sarı vərəqə gördü.
Reportyorlarımızın qeydlərinə keçid alaq.
Keşlə - Qarabağ, FƏRİD HACIYEV
Gənc referinin çətin qarşılaşmanın öhdəsindən gəldiyini deyə bilərik. Fərid Hacıyev oyunçulara göstərdiyi bütün vərəqələrdə haqlı idi. Lakin Sənan Qurbanovu cəzalandırmaqla səhvə yol verdi. Düzdü, çalışdırıcı ilk sarı vərəqədən sonra susmadı, etiraza davam etdi. Hacıyev Qurbanova ikinci “sarı”nı göstərməyə də bilərdi. Dəfələrlə həm premyer-liqa, həm də kubok matçlarında baş məşqçilər hakimlərə daha sərt etirazlar ediblər. Lakin onların heç biri referilər tərəfindən cəzalandırılmayıb. Hacıyev də Qurbanova güzəştə getsəydi, kimsə ona irad bildirməyəcəkdi.
Səbail – Zirə, KAMAL UMUDLU
Meydanda “Səbail”in futbolçularının az qala bir-biri ilə haqq-hesab çəkmək cəhdinə göz yumması, Volkov topa toxunmadığı halda, ilk qolun onun ayağına yazılması kimi kiçik görünə biləcək məqamlar bir kənarda qalsın. Mənə görə ən böyük yanlış referi ilə 4-cü hakim arasında səmimi münasibətlərin hökm sürməməsidi. Umudlu ilə Rəşad Əhmədov komanda kimi çalışsaydılar, ikinci referidən 2-ci hissəyə neçə dəqiqə artırıldığına dair mesaj alan kimi Rəşad Sadıqovun köməkçisi Eltun Yaqubluya xəbər çatdırmazdı. Bu, sadəcə, hakim etikasına tüpürmək, Azərbaycan hakimliyi üçün ayıb idi. Gəlin təsəvvür edək ki, Umudlu sonradan qərarını dəyişəcək, 4-cü hakimə 4 və ya 6 dəqiqə göstər deyəcəkdi. Həmin zaman kəsiyində meydanda qeyri-adi hadisə, oyunun taleyi baxımından nəsə baş versəydi, “Zirə” düşərgəsi Əhmədovdan aldığı bilgiyə söykənəcək və növbəti böyük qalmaqal qopacaqdı. Görünür, Stuxlik hakimlərə təkcə oyundan sonra müsahibə verməyi yox, elementar peşə prinsiplərini də öyrətməli olacaq.
Sabah - Neftçi, ƏLİYAR AĞAYEV
Bəlkə də turun ən ağır görüşlərindən biri idi. Çünki “tələbələr” qələbə həsrətində idi, “Neftçi” də “Qarabağ”dan uzaqlaşmamaq üçün qalib gəlməliydi. Bu baxımdan oyun gərgin keçsə də, FIFA referisi üçün qarşılaşmanın öhdəsindən gəlmək o qədər də çətin olmadı. Əliyar matçda qətiyyətli qərarlar verirdi. Bunlar da hər iki komanda tərəfindən qəbul olunurdu. Heç bir futbolçunun, heç bir baş məşqçinin Ağayevin qərarlarına etiraz etməməsi dediklərimizin əyani sübutudu. FIFA referisi və briqadası bu qarşılaşmanın öhdəsindən asanlıqla gəldi.
Sumqayıt - Qəbələ, ELÇİN MƏSİYEV
Elçin Məsiyev adəti üzrə yenə də qətiyyətli görünməyə çalışır, meydandakılara sərt üzünü göstərirdi. Bununla da referi oyuna nəzarəti əlində saxlayırdı. Meydanda ilk mübahisəli vəziyyət 28-ci dəqiqədə yaşandı. Lasyman Pərvin Talıbov Rövlanın hesabı açdığı epizodda ofsayd qeydə aldı. 47-ci dəqiqədə isə stadionda böyük rəzalət yaşana bilərdi. İranlı futbolçu Höccət Haqverdi əliylə rəqib futbolçunun üzünə vurdu və hakim haqlı olaraq oyunu saxladı. Amma bu qərar “milliləşdirilən” müdafiəçinin xoşuna gəlmədi və futbolçu hakimin üzərinə yeridi. Araya onun komanda yoldaşları girincə, davanın qarşısı alındı və Məsiyev Haqverdiyə sarı vəriqə göstərdi.
İLKİN SULTANLI