Superliqanın son turunda oynanılan ''Qalatasaray'' - ''Göztəpə'' qarşılaşmasına qonaqların qapıçısı İrfan Can Eğribayatın kobud səhvi damğa vurmuşdu.
''Cim-Bom'' hesabda geridə ikən Xəlil Dərvişoğlunun uzaq məsafədən o qədər qüvvətli olmayan zərbəsi zamanı 23 yaşlı əlcək sahibi düz üstünə gələn topu əlləri arasından buraxmış və bu qol söz-söhbətə səbət olmuşdu. İndi də bu qapıçının 7 il öncə Arda Turanla şəkil çəkdirdiyi və bunu öz ''feysbuk'' səhifəsində paylaşdığı məlum olub.
Bu xəbərdən sonra Eğribayatın o qolu bilərəkdən buraxması ilə bağlı şayiələr artıb. Amma qapıçı yerli kanallardan birinə açıqlamasında bu iddiaları rədd edərək Arda ilə çəkilən şəklə də aydınlıq gətirib:
''Hər kəs bilsin ki, o qolu bilərəkdən buraxmamışam. Heç kim belə səhvdən "sığortalanmayıb". Bu hər qapıçının başına gələ bilər. 16 yaşımda ''Adanaspor''da oynadığım dönəmdə də buna bənzər qol buraxmışdım. Belə qollar ot örtüyü ilə bağlı olur. Həm də bir qədər bəxtim gətirmədi. 1 saniyə tez tullansaydım, topu xətti keçmədən uzaqlaşdıra bilərdim. Komanda yoldaşlarım mənə təsəlli verdilər və oyundan sonra heç kim o qola görə irad bildirmədi. Məni üzən o cür qolu buraxmağım yox, o qolun nəticəyə və oyunun axarına təsir göstərməsi oldu. Ardaya gəlincə, bu, 2014-cü ildə çəkilmiş şəkildi. U-16 yığması ilə Azərbaycana yollanmışdıq. Arda da öz işləri ilə bağlı orda idi. Bizim düşərgəni ziyarət etməyə gəlmişdi. Tək mən yox, digər komanda yoldaşlarım da bir-bir onunla şəkil çəkdirdilər. Sonra da o şəkli ''feysbuk''umda profilə qoydum. Arda həmin dönəmdə ''Atletiko''da oynayırdı və ölkə futbolu üçün xüsusi dəyərə sahib idi. Əmrə Belözoğlu da gəlsə, onunla da şəkil çəkdirərdim. Onlar biz gənclərin idealı sayılan futbolçulardı''.