Premyer-liqanın 5-ci həftəsi liderlər üçün heç də yaxşı alınmadı. “Qarabağ” səfərdə çempionatın autsayderi “Keşlə” ilə qarşılaşırdı.
Düşünmək olardı ki, bu həftə Konfrans Liqasında “Omoniya” ilə görüşü nəzərə alan Qurban Qurbanov heyətdə rotasiya edəcək, Cənubi Kipr səfərini düşünərək əsas futbolçuları ya meydana buraxmayacaq, ya da “Sumqayıt”la matçda olduğu kimi, sona yaxın onların xidmətindən istifadə edəcək. Ancaq belə olmadı, “köhlən atlar” şənbə günü meydana döyüşkən heyətlə çıxmışdı. Təkcə Kadi Borgesin yoxluğunu vurğulamaq olar ki, o da zədə səbəbindən görüşü buraxırdı. İlk 4 turda xala həsrət qalan “Keşlə” rəqibin adından çəkinməyərək, cəsarətli oyun nümayiş etdirdi ki, sonda Sənan Qurbanovun yetirmələrinin qazancı 1 xal oldu. Baxmayaraq ki, oyunda ilk qol qonaqlardan gəlmişdi. İlk yarını üstün başa vuran ağdamlılar ikinci hissənin sonuna yaxın qapısında qol görməklə qələbəni əldən verdi.
5-ci turun ilk oyun gününün ikinci qarşılaşmasında ötən tur Qəbələdə darmadağın olan “Səbail” “Zirə”ni qonaq edirdi. Ancaq zirəlilər “ASCO Arena”da özünü heç də qonaq kimi aparmadı. Deyəsən, Rəşad Sadıqov vaxt ötdükcə komandasının əyər-əskiyini aradan qaldırır. İlk 5 turda “qartallar” 8 xal toplayıb ki, lidelərlə arada xal fərqi o qədər də çox deyil. Əvvəlki görüşlərdə hakim səhvlərinin güdazına gedən xalları da nəzərə alsaq, qəsəbə təmsilçisi bəlkə də indi lider kürsüsündə əyləşmişdi. Davit Volkovun da məhsuldarlığı göz oxşayır. Komandasının 7 qolundan 5-ni gürcü futbolçu vurub. Davit “dənizçilər”lə görüşdə dubl etməklə həm də bombardirlər yarışında hamını qabaqlayır.
Bir gün öncə “Qarabağ”ın xal itirməsi “Sabah”la görüşdə “Neftçi”nin işinə yaraya bilərdi. “Ağ-qaralar” Masazırda qələbə qazanacağı halda çempionluq uğrunda ən ciddi rəqibi ilə xal fərqini minimuma endirəcəkdi ki, Samir Abasovun komandası bunu bacardı. Düzdü, son çempion “tələbələr”lə görüşdə heç də ən yaxşı oyunlarından birini keçirmədi. Ramin Quliyevin yetirmələri sərgilədikləri oyunla minimum heç-heçəyə layiq idilər. Ancaq “tarixdə nəticə qalır” deyimini nəzərə alsaq, “Neftçi”nin qələbəsinə kölgə salmaq düzgün olmaz.
5-ci tur ərəfəsində “Qarabağ”la birgə premyer-liqanın şərikli lideri olan “Qəbələ”ni isə çətin Sumqayıt səfəri gözləyirdi. “Kimyaçılar” ardıcıl iki oyunda uduzduqlarından “qırmızı-qaralar”la qarşılaşmaya dönüş nöqtəsi kimi yanaşırdılar. Gözlənildiyi kimi, oyun baxımlı və sürətli alındı. Komandalar çox çalışsalar da, tablodakı sıfırları dəyişə bilmədilər və 90 dəqiqə qolsuz başa çatdı.
Azərbaycan premyer-liqası
1-ci dövrə, 5-ci tur
25 sentyabr
Keşlə - Qarabağ 1:1
Səbail – Zirə 1:2
26 sentyabr
Sabah – Neftçi 1:2
Sumqayıt – Qəbələ 0:0
1. Qəbələ 5 3 2 0 11-3 11
2. Qarabağ 5 3 2 0 9-3 11
3. Neftçi 5 3 1 1 10-6 10
4. Zirə 5 2 2 1 7-5 8
5. Sumqayıt 5 2 1 2 4-3 7
6. Səbail 5 2 0 3 3-10 6
7. Sabah 5 0 1 4 2-8 1
8. Keşlə 5 0 1 4 2-10 1
Bombardirlər: Davit Volkov (Zirə) – 5, Ülvi İsgəndərov (Qəbələ), Filip Ozobiç (Qarabağ) – 3.
Növbəti turun oyunları:
1 oktyabr – Zirə - Sumqayıt;
2 oktyabr – Səbail – Neftçi, Keşlə - Sabah;
3 oktyabr – Qarabağ – Qəbələ.
RƏŞAD