
Manşet / Avro kuboklar
216
28.09.2021, 14:53
“Qəbələ” “Alkmaar”dan çəkinmir - AÇIQLAMA
Pandemiya ilə bağlı ötən il UEFA Gənclər Liqası keçirilməsə də, bu il tunir baş tutacaq.
Ölkəmizi yarışda “Qəbələ”nin U-19 komandası təmsil edəcək. Famil Xəlilovun yetirmələri sabah 1-ci təsnifat mərhələsi çərçivəsində doğma meydanda Niderland təmsilçisi “Alkmaar”la üz-üzə gələcək. Niderland futbolunun səviyyəsi barədə uzun-uzadı yazıb, püşkün “qırmızı-qaralar”ın qarşısına güclü rəqib çıxardığını demək artıqdı. Ancaq yenə də bölgə təmsilçisinə inanır, ən azı Qəbələdəki matçda “Alkmaar”la başabaş mübarizə aparacağını gözləyirik.
Məsul oyuna saatlar qalmış “Qəbələ”nin U-19-nun çalışdırıcısı ilə əlaqə saxlayıb, son vəziyyətlə maraqlandıq:
“Rəqibi şərh etməyə ehtiyac yoxdu. “Alkmaar” U-19 liqasında Niderland çempionu olmağı bacarıbsa, deməli, güclü rəqibdi. Ancaq bu bizi qorxutmur. Səhv etmirəmsə, bizdən fərqli Niderland klubu UEFA Gənclər Liqasına ilk dəfə qatılır. Biz onlardan daha təcrübəliyik ki, bu da üstünlüyümüzdü. Rəqibin oyunlarını izləyib, təhlil etmişik. Çox sürətli, hücum futbolu sərgiləyən kollektivdi, heyətdə perspektivli futbolçular var. Həm cinahlardan, həm də mərkəzdən hücum qurmağı bacarırlar. Buna baxmayaraq, yenə deyirəm, rəqibdən çəkinmirik. “Qəbələ”nin futbolçuları kiçik yaşlardan beynəlxalq oyunlarda “bişiblər”. İstər klub, istərsə də yığma səviyyəsində bir çox turnirin iştirakçısı olublar. Düşünürəm ki, sabah azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər. Düşərgədə ab-hava yüksəkdi, futbolçularımızın əhval-ruhiyyəsi yerindədi, hamı oyun saatını gözləyir”.
RƏŞAD