İspaniyanın Sitjes şəhərində qadınlar arasında şahmat üzrə dünya çempionatı başlayıb.
“Football-plus.az” saytının məlumatına görə, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarovadan ibarət yığmamız A qrupunda yer alıb.
Zeynəbin istirahət etdiyi 1-ci turda təmsilçimiz Hindistanla heç-heçə edib – 2:2. Məmmədzadə ilə Məmmədovanın məğlubiyyətini digər iki şahmatçımız qələbə qazanmaqla “sığortalayıb”. Rusiya İspaniyanı 4:0, Ermənistan Fransanı 2,5:1,5 hesabı ilə üstələyib.
Ermənilərlə 2-ci turun görüşündə də qalib müəyyənləşməyib – 2:2. Prinsipial qarşılaşmada ilk iki lövhədə Günayla Gülnar qələbə qazanıbsa, son iki lövhədə Məmmədyarova bacıları rəqiblərinə uduzub. Qalan iki oyun belə nəticələnib: İspaniya – Hindistan 1,5:2,5, Rusiya – Fransa 3,5:0,5.
B qrupunda Gürcüstan, Qazaxıstan, Ukrayna, Almaniya, FİDE Amerika və Polşa qərarlaşıb. Reqlamentə əsasən, hər qrupun ən yaxşı 4 komandası 1/4 finala yüksələcək.