Dünən Gəncə şəhər stadionunda birinci divizionda mübarizə aparan “Kəpəz”in əsas komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
"Football-plus az" saytının məlumatına görə, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdı” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminarda "Danışılmış oyunlar"la mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib.
İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqda seminar iştirakçılarına məlumat verilib.