İspaniyada Radamel Falkao möcüzəsi davam edir.
Məşhur kolumbiyalı futbolçu sanki ''Qalatasaray''ın acığına ''Rayo Valyekano''da qolları sıralamaqda davam edir. Bilindiyi kimi, Falkao İstanbul nəhəngində çıxış etdiyi iki mövsüm ərzində daim zədələri ilə gündəmə gəlmiş və bu müddətdə komandasının oyunlarının yarısından çoxunu buraxmışdı. Amma ''Rayo Valyekano''dakı sanki tam başqa Falkaodu!
Madrid klubuna transfer olunduğu gündən bəri zədələnməməsi bir yana, meydana çıxdığı hər oyunda qol vurur. Evdə ''Xetafe'' və səfərdə ''Atletik'' ilə matçlarda sonradan meydana çıxmasına baxmayaraq, 35 yaşlı oyunçu hər iki qarşılaşmada qol vurdu. Halbuki ''Qalatasaray''da o, sonradan meydana çıxdığı 16 matçın heç birində fərqlənə bilməmişdi! Bu azmış kimi, Falkao ötən həftəsonu 3-cü oyunda da qol sevinci yaşadı. ''Kadis''lə qarşılaşmada start heyətində meydana çıxan məşhur futbolçu 44-cü dəqiqədə qələbə qolunu vurdu! Təsadüfi deyil ki, bu aralar Falkao ''Qalatasaray''lıların sosial şəbəkələrdə ən çox müzakirə etdiyi futbolçudu. Kolumbiyalının gəlişinə qədər 12-ci pillədə qərarlaşan ''Rayo Valyekano'' ardıcıl 3 qələbə sayəsində 5-ci pilləyə yüksəlib.
Onu da bildirək ki, Falkao klub tarixində Dieqo Kostadan sonra ilk üç La Liqa matçında qol vuran 2-ci futbolçudu. Kosta bunu 2011/12-nin qış fasiləsi zamanı ''Atletiko''dan icarə əsasında ''Rayo Valyekano''ya keçəndən sonra bacarmışdı.