Bu günlərdə karyerası ilə bağlı vacib qərar verən Demba Ba yeni təklif alıb.
Amma onun futbolçu həyatını davam etdirəcəyini düşünməyin. Butslarını birdəfəlik mismardan asmağı lazım bilən Seneqal yığmasının sabiq hücumçusu Rusiyadan təklif alıb. 36 yaşlı Banın funksionerlik fəaliyyətinə başlamaq şansı var. Belə ki, “Lokomotiv” ona idman direktoru vəzifəsini təklif edib. Onu bu postda Moskva klubunun idman və inkişaf şöbəsinin 63 yaşlı rəhbəri Ralf Ranqnik görmək istəyir.
Son klubu sıralarına bu il qoşulduğu “Luqano” (İsveçrə) olan Demba karyerası ərzində “Ruen”, “Muskron”, “Hoffenhaym”, “Vest Hem”, “Nyukasl”, “Çelsi”, “Beşiktaş”, “Şanxay Şenxua”, “Göztəpə” və “İstanbul BŞ”də də oynayıb. Onun Seneqal yığmasında 22 oyuna 3 qol vurduğunu da xatırladaq. Ba futbolçu həyatı boyunca ümumilikdə 439 oyunda meydana çıxıb, 193 qolun və 53 məhsuldar ötürmənin müəllifi olub.