Manuel Noyer ordenə layiq görülüb. Təcrübəli futbolçu Almaniyanın Bavariya federal torpağının baş naziri Markus Zöder tərəfindən mükafatlanıb.
Əyalət rəsmisi eyniadlı klubun qapıçısını “Xidmətlərinə görə” ordeni ilə təltif edib. Zöder bu məqsədlə təşkil edilən mərasimdə Noyerin futboldankənar fəaliyyətlərini daha çox qabardıb. Tədbirin səbəbkarı olan münhenlilərin 35 yaşlı kapitanı isə şahzadə Karl Sarayının Mərmər Zalındakı çıxışında bu fikirləri səsləndirib:
“Federal torpaq “Bavariya” futbol klubu və onun əsas komandası ilə təmsil olunur və bu təmsilçilik layiqli şəkildə həyata keçirilir. Bu komandanın bir üzvü olmaq və bu ordeni almağımla fəxr edirəm”.
Qeyd edək ki, 1957-ci ildə təsis olunan Bavariya “Xidmətlərinə görə” ordeni “Bavariya Azad Dövləti və Bavariya xalqı qarşısında müstəsna xidmətlərin əvəzi olaraq tanınan fəxri nişan və minnətdarlıq”dı. Bu orden Azad Dövlətdə ən eksklüziv mükafat sayılır. Belə ki, əsasnaməyə görə, ordenin eyni zamanda yalnız 2000 həyatını davam etdirən laureatı ola bilər. Yeri gəlmişkən, “Bavariya”nın sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger 2018-ci ildə bu mükafata layiq bilinib. Noyerin hazırkı oyundaşı Tomas Müller isə iki il əvvəl ordenlə təltif olunub.