Son vaxtlar Azərbaycan futbolunda maraqlı hadisələr yaşanır. Bunlardan ən vacibi baş məşqçilərin təkliflərlə çıxış etməsidi.
Bunun əsasını “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qoydu. Ağdamlıların çalışdırıcısı premyer-liqanın 2-ci turunun “Səbail”lə ev oyunundan sonra keçirilən mətbuat konfransında əvəzetmə sayının artırılmasını istədi:
"İstədik ki, minimum 4 əvəzetmə olsun. Ola bilər, hər komanda üçün uyğun olmasın. Bir həftə, 10 gün əvvəl menecerimizə dedim ki, federasiyaya müraciət etsin, say artırılsın. Cavab gəldi ki, Klublar Komitəsi yığışıb bununla bağlı müraciət edəcək. Dünya futbolunda get-gedə tempi saxlamaq üçün bu addımları artırlar. Buna ehtiyac var. Özüm də görürəm. Futbolda mübarizə çoxalıb, sürət artıb. Həm avropakuboklar, həm çempionat, həm kubok, həm milli komanda oyunları var. 3 gündən bir meydana çıxmalı olursan. Ötən il bunun əziyyətini çox çəkdik. Bir neçə oyunçumuz millidən zədəli qayıtdı, bəziləri avrokubokda zədələndi. Hər futbolçunun dözümü eyni deyil. Çox istərdim ki, əvəzetmə sayı artırılsın. Bu, həm oyunçuları qorumaq, həm də gənc futbolçuların daha çox şans qazanması baxımından əhəmiyyətlidi. Müsbət cəhətləri çoxdu. Klublar Komitəsinin yığışmasını gözləyirik. Yəqin ki, fasilə müddətində iclas olacaq".
Bir həftə ərzində gündəm olan bu mövzu həllini tapmamış Samir Abasov yeni fikir səsləndirdi:
"Klub rəhbərliyi ilə danışıb limit məsələsini qabartmağa çalışacam. Fikirləşirəm ki, limit götürülsə, Azərbaycan futbolu üçün yaxşı olacaq. Kim güclüdüsə, o da oynamalıdı. Emin Mahmudov kimi futbolçular limit olmadan da oynaya bilər”.
Futbol ictimaiyyəti arasında və sosial şəbəkələrdə ciddi müzakirə olunan məsələ ilə bağlı Samir Abasova ilk dəstək Rəşad Sadıqovdan gəldi:
“Limitə görə problem yaşamıram. Mən də limitin dəyişdirilməsinin tərəfdarıyam. Amma bunun üçün komanda sayı artırılmalıdı. Mən bunu ilin əvvəlində Məşqçilər Komitəsinə təklif etmişəm. Kollektiv şəkildə müzakirə etmək lazımdı. "Neftçi", "Qarabağ" kimi komandalar təklif irəli sürürsə, bu, mütləq müzakirəyə çıxmalıdı. Çünki bu komandalar ölkə futbolunun yükünü çiyinlərində daşıyır. Amma bu, mövsümün əvvəlində olmalıdı. Çünki heyəti bu limitə görə qurmuşuq. Limitin ləğvinin milliyə zərərli olduğunu düşünmürəm. Bu məsələni nəzərdən keçirmək olar”.
Görünən budu ki, klublar və baş məşqçilər Azərbaycan premier-liqasında tətbiq olunan bəzi qaydalardan narazıdı. Buna baxmayaraq, Klublar Komitəsindən səs-soraq yoxdu. Qurum problemlərin həlli yolunda nəsə etmir. Amma Qurban Qurbanov açıqlamasında bildirmişdi ki, növbəti iclasda qaldırdığı məsələ müzakirə olunacaq. Bəs toplantı nə vaxt keçiriləcək? Bu suallara aydınlıq gətirmək üçün Klublar Komitənin sədri, “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə əlaqə saxladıq.
- Klublar Komitəsinin növbəti iclası nə vaxt olacaq?- Qurumun yaxın günlərdə iclası baş tutacaq. Sadəcə, elə bir vaxt seçmək istəyirik ki, bütün klublar rahat iştirak edə bilsinlər. Həmçinin PFL və AFFA-dan nümayəndələrin olmasına çalışacağıq.
- İclasda hansı məsələlər müzakirə olunacaq?- Bütün klublar təkliflərini irəli sürəcəklər. İclasdan öncə yazılı şəkildə komitəyə təqdim etmələrini xahiş edəcəyik. Hansı klub nəyisə müzakirə etmək istəyirsə, həmin məsələlər haqda danışılacaq.
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əvəzetmə sayının 3-dən 4 və ya 5-ə qaldırılmasını istəyir. Bu məsələ ilə bağlı hətta Klublar Komitəsinə də müraciət ediblər. - Bu məsələ artıq PFL-in prezidenti Ramin Musayevlə müzakirə olunub. Qurumun qərarı belədi ki, mövsüm davam edə-edə belə dəyişiklik etmək düzgün deyil. Hazırda qayda necədisə, mövsümün sonuna kimi də belə davam edəcəyik.
- Əvvəlcə Samir Abasov, sonra Rəşad Sadıqov premyer-liqada limitin ləğv olunmasını istədilər. Bu mövzu Klublar Komitəsinin növbəti iclasının gündəmində yer alacaq?- Bu sırf AFFA İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdi. Bununla bağlı nə Klublar Komitəsi, nə də PFL qərar verə bilər.
İLKİN SULTANLI