La Liqanın 6-cı turunun “Kadis”lə matçı (0:0) “Barselona”ya, necə deyərlər, üçqat baha başa gəlib.
İspaniya nəhəngi həm iki xal, həm də iki üzvünü itirib. Artıq komandanın baş məşqçisi Ronald Kuman iki oyunluq cəzaya layiq bilinib. Buna niderlandlı mütəxəssisin matçın sonunda qırmızı vərəqə alması səbəb olub. Kuman hakimin işindən narazılığını kəskin şəkildə bildirdiyi üçün texniki zonadan qovulmuşdu. Bu isə o deməkdi ki, baş məşqçi ölkə çempionatının “Levante” və “Atletiko”ya qarşı növbəti matçlarında ehtiyat oyunçular skamyasından komandasına hər hansı göstəriş verə bilməyəcək. Yerli futbol qurumunun müvafiq komitəsi kluba və məşqçiyə cərimə də kəsib.
“Barselona” rəhbərliyi bu sanksiyalardan şikayət verməyi lazım bilib. Kataloniya klubu “Kadis”lə matçın 65-ci dəqiqəsində növbəti xəbərdarlığa görə meydandan qovulan Frenki de Yonqun cəzasıyla da barışmır. Rəhbərlik niderlandlı futbolçunun ikinci sarı vərəqəyə layiq olmadığını hesab edir və buna görə apellyasiya verib.