Birinci divizionda 2-ci tur dünən başa çatdı.
Son çempion “Neftçi-2” yenə məğlub oldu. Mahmud Qurbanovun komandası bu dəfə səfərdə “Qəbələ-2”yə 1:3 hesabıyla uduzdu. Flaqmanın əvəzediciləri ardıcıl iki oyundu meydanı məyus tərk edir. Ötən oyunda da “ağ-qaralar” doğma meydanda “Sabah-2”yə 1:2 hesabı ilə məğlub olmuşdu.
Komandada hansı problemlərin olduğunu öyrənmək üçün baş məşqçi Mahmud Qurbanovla əlaqə saxladıq. “Professor” ləqəbli mütəxəssis qarşıda çox oyun olduğunu, indi deyəcəklərinin hamısının bəhanə kimi anlaşılacağını söylədi:
“Heç nə baş verməyib. Həmişəki qaydada çalışırıq. Sadəcə, oyundu da. Bəhanə etmək üçün çox söz var, amma... Bəhanə olaraq nəsə demək istəmirəm. Nəticə baxımından çox pisdi. Başa düşürəm ki, iki oyundu məğlub oluruq. Qarşıdakı görüşlərdə vəziyyəti düzəldəcəyik. Sadəcə, qol imkanlarından yararlana bilmirik. Hər iki qarşılaşmada da yetərincə şansımız oldu. Amma sonda uduzduq. Rəqibləri də aşağılamaq istəmirəm. Hər ikisi güclü komandadı. Düşünürəm ki, növbəti oyunlarda nəticə baxımından daha yaxşı olacağıq. Hər şeyi qaydasına salacağıq. Yenə deyirəm, bəhanə axtarışı kimi başa düşülməsin. Həqiqətən də ötən mövsümə baxanda heyətimiz dəyişib. Həmin oyunçuların çoxu yoxdu. Əsas komandaya gedənlər, başqa klublara transfer olunanlar var. Futbolçuların əksəriyyəti ötən il sonradan meydana çıxanlardı. Amma oyuna baxsaz, görərsiz ki, ötənilki kimi mübarizə aparırıq. Sadəcə, yenə deyirəm, qol vəziyyətlərindən yararlana bilmirik. Amma bu bəhanə deyil. İnşallah, qarşıdakı oyunlarda nəticələrimiz də yaxşı olacaq”
İLKİN SULTANLI