Bölgələrdə Qusardan sonra daha bir izdihamlı oyuna Lənkəran evsahibliyi etdi.
Sosial şəbəkələrdə paylaşılan videodan göründüyü kimi, cənub təmsilçisi “Xan-Lənkəran”la “Gənclik” “Fırtanalar meydanı”nda üz-üzə gəlib. Bu qarşılaşmanı minlərlə azrkeş izləyib.
Bəs “Xan-Lənkəran” necə yarandı? Oyunlarını harda keçirəcək? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün klubun yaradıcılarından Emin Fəzullayevlə danışdıq.
- Öncə sizi tanımaq və klubdakı mövqeyinizi öyrənmək istəyirik.
- Həvəskar komandayıq. Hər kəs bir iş görür. Dostlarla yığışıb, kömək edib lənkəranlı uşaqlardan ibarət həvəskar komanda qurmuşuq. Heç kimin konkret vəzifəsi, mövqeyi yoxdu.
- Region Liqasında oynamaq üçün müraciət etmisiz?
- Bəli. AFFA-ya rəsmi müraciətimiz oldu. Region Liqasında oynamağımız üçün icazə verildi. Bilirsiz ki, həvəskar liqadı. İnşallah, bu il orda iştirak edəcəyik. Açığı, bizə tam “hə” və ya “yox” deyilməyib. Amma çox güman, iştirak edəcəyik.
- Klubun maddi vəziyyəti necədi?
- Bu işi araya-ərsəyə gətirdik və ümidimiz var ki, bizə dəstək olacaqlar. Hazırda yetərli qədər maddi imkanımız yoxdu. Öz aramızda kömək edənlər olur. Amma hazırda maliyyə tələbimiz yoxdu. Çünki heç kim maaş almır. Hamımız klubu dirçəltmək üçün eyni səviyyədə çalışırıq. İnşallah, yaxın gələcəkdə maliyyə dəstəyimiz də olar. Lənkəran şəhər İcra Hakimiyyəti də çox sağ olsun, müəyyən qədər yardım göstərir. “Xəzər Lənkəran” stadionunun rəhbərliyi də bizə çox dəstək oldu. Ümid edirik ki, maliyyə problemimiz həllini tapacaq.
- Komanda ev oyunlarını hansı stadionda keçirəcək?
- AFFA-ya bununla bağlı iki məktub təqdim etdik. Biri İdman Kompleksi, digəri isə “Xəzər Lənkəran”ın stadionu. Hansı büdcəmizə uyğun olsa, onu seçəcəyik. Sağ olsun “Xəzər Lənkaran”, bizə qiymət baxımından çox hörmət edir. Böyük ehtimalla oyunlarımızı “Fırtınalar meydanı”nda keçirəcəyik.
- Bildirdiz ki, klub həvəskarlar tərəfindən yaradılıb. Bəs bunun ilk təşəbbüskarı kim oldu?
- Özümüz. Lənkaranda başqa klub da var idi. Onlar bizə qoşulmaq istəmədilər. Dedik ki, Lənkəranda istedadlı futbolçular var, onları bir araya gətirib komanda quraq, özümüzü sınayaq. Görək nə olur. Bu tək bir nəfərin fikri deyil. Ümid edirəm ki, gələcəkdə hər şey adımıza uyğun olacaq.
- Sosial şəbəkələrdə oyunla bağlı paylaşılan vieodan da göründüyü kimi, çox böyük maraq olub…
- Stadionda 4 minə yaxın azarkeş var idi. Bizdə bilet satışı yoxdu. Yalnız 10 nəfər dost-tanışı dəvət etdik. Amma sağ olsunlar, çox sayda azarkeş gəlib oyunu izlədi. İnsanların vaksin pasportlarını yoxlayıb tribunaya buraxdıq. Hamı ona görə də sərbəst idi. Lənkəranda futbol izləyən, azarkeşlik edənlərin sayı çoxdu. Özünüz bilirsiz, “Xəzər Lənkəran”ın oyunlarına 20 minə yaxın tərəfdar gəlirdi. Belə deyim, Lənkəran əhalisi futbola acdı (gülür). Bu bölgəyə bir komanda lazımdı ki, insanlar ən azı həftədə bir dəfə gəlib oyuna baxsınlar, istirahət edə bilsinlər. Onların buna haqqı var. Bizim bölgədə futbola
maraq çox böyükdü.
SƏNƏM FƏRHADOVA