Konfrans Liqasında mübarizə aparan "Qarabağ" növbəti turda səfərdə "Omoniya"nın qonağı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, "köhlən atlar" ot örtüyü yararsız olduğu üçün avrokuboklarda ilk matçını Tofiq Bəhramov adına Respublika stadionunda keçirmədi.
Cənubi Kiprdəki oyundan sonra Bakıda "Kayrat"ı qəbul edəcək Ağdam təmsilçisinin qarşılaşmanı harda keçirəcəyi hər kəsi maraqlandırır. Bununla bağlı məlumat almaq üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
"Tofiq Bəhramov adına Respublika stadionunda işlər hələ də gedir. Vəziyyət nisbətən yaxşıdı. Oyun gününə qədər yetərincə vaxt var. Nə az, nə çox - 28 gün. İndidən bu haqda danışmaq tezdi. Qarşıdakı günlərdə ot örtüyü əla vəziyyətdə olacaq. Matçın harda keçiriləcəyi ilə bağlı dəqiq informasiya hələ yoxdu. Buna böyük ehtimalla biz hesabat göndərəndən sonra UEFA yenidən təftiş edib, qərar verəcək.
Bunu da qeyd edim ki, biz UEFA-ya hesabat xarakterli həftəlik şəkil və video göndəririk. Hələ ki oyunun harda keçiriləcəyi müzakirə mövzusu deyil. İkinci turda keçirəcəyimiz matçı gözləyirlər. "Omoniya" ilə səfər görüşündən sonra ev oyunumuzu harda keçirəcəyimiz bəlli olacaq. Ümid edirik ki, qarşılaşma "Tofiq Bəhramov"da olacaq".
GÜNAY VƏLİYEVA