Roberto Ayala qorxunc vəziyyətə düşüb. Argentina yığmasının məşqçisi silahlı soyğuna məruz qalıb.
Cinayət hadisəsi çərşənbə axşamı Argentinanın Luxan şəhərciyinin San Kaetano məhəlləsində baş verib. Ayala maşınında olarkən üç nəfərin hücumuna məruz qalıb. Bədniyyətlilər avtomobili çay daşı “yağış”ına tutmaqla dayandırıblar. Buna nail olandan sonra 48 yaşlı məşqçini silahla təqib etməyə başlayıblar. Soyğunçular Ayalanı mobil telefonundan və təxminən 5,6 min avro məbləğində pulundan ediblər. Yaxınlıqda olan avtomobilin sürücüsü soyğun hadisəsinə bir neçə dəqiqə şahidlik edəndən sonra polisə xəbər verib.
Qeyd edək ki, Ayala Argentina yığmasının məşqçi korpusuna 2019-cu il yanvarın 10-da təyinat alıb. Baş məşqçi Lionel Skaloninin köməkçisi kimi bu il Braziliyada keçirilən Amerika Kubokunda qələbəyə sevinib. Ölkə futbolunun tarixinə ən güclü müdafiəçilərdən biri kimi düşən Ayala milli komandada 1994-2007-ci illərdə 116 oyunda meydana çıxıb və 7 qol vurub.