Xəbər verdiyimiz kimi, “Ağsu Siti” şəhərin mərkəzi stadionuna buraxılmır.
Region Liqasına hazırlaşan komandanın arenada yoxlama oyunu keçirməsinə də icazə verilməyib. Stadionun direktoru Nazim Babayev bunun səbəbini AFFA-dan yad adamları stadiona buraxmamaq tapşırığı alması ilə əlaqələndirib.
Məsələ ilə bağlı assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi problemin tezliklə həll olunacağını dilə gətirdi:
“AFFA balansında olan stadionları müqavilə əsasında icarəyə verir. Arenalardan yararlanmaq istəyən hər bir klub və ya qurum bunu müqavilə bağlayandan sonra edə bilər. “Ağsu Siti” ilə bu məsələ gündəmə gələn gün müqaviləmiz yox idi. Artıq onlarla anlaşma əldə olunub. Bununla bağlı müqavilə hazırlanıb. Sənəd bu günlərdə imzalanmalıdı. Sonra komanda rahat şəkildə stadiondan istifadə edə bilər”.
Firuz Abdulla “Ağsu Siti”yə stadionun icarəsiylə bağlı güzəşt olunub-olunmayacağı ilə bağlı bunları söylədi:
“Müqaviləni bağlamağa razıdılarsa, yəqin ki, ortaq məxrəcə gəlinib. Anlaşmanın maddi tərəfi haqda məlumatım yoxdu”.
İLKİN SULTANLI