Elmar Baxşıyevin çalışdırdığı “Qəbələ” futbol ictimaiyyətini təəccübləndirməkdə davam edir.
Bölgə təmsilçisi hesabat turunda bir tur əvvəl “Sumqayıt”dan üstün olan “Səbail”i qəbul edirdi. Birinci hissəsi təhlükəli vəziyyətlər baxımından “qısır” olan matçın ikinci yarisi yetərincə baxımlı alındı. İlk 3 turda yenilməyən “qırmızı-qaralar” şənbə günü baş tutan qarşılaşmanın son 35 dəqiqəsində “dənizçilər”i darmadağın etdi. Cari mövsümdə özünü yaxşı tərəfdən göstərməyi bacaran Ülvi İsgəndərov isə “Səbail”lə görüşdə komandasının ikinci qolunun müəllifi olmaqla yanaşı, mövsümdə 3-cü dəfə adını tabloya yazdırıb, bombardirlər siyahısında bir addım önə çıxdı.
“Zirə” – “Sabah” qarşılaşmasına hakim möhürünü vurdu desək, yanılmarıq. “Qartallar” ikinci yarının əvvəlində hesabda önə çıxsalar da, 83-cü dəqiqədə qonaqlar “status-kvo”nu bərpa etdilər. Ancaq Periçiç fərqləndiyi an qapıçı meydançası daxilində Mehdi Cənnətova qarşı kobud oynamışdı. Bunu bütün ölkə görsə də, İnqilab Məmmədov adına layiq addım ataraq, qaydalara qarşı inqilab etdi. Məhz bu qolun sayəsində Ramin Quliyevin komandası mövsümdə ilk xalını hesabına yazdırdı. Bu bir xal isə “Sabah”a sonuncu pilləni tərk etməyə kömək etdi. Yeri gəlmişkən, Periçiç bu qolla adını “Sabah”ın tarixinə yazdıra bildi. Belə ki, xorvat cari mövsümdə “tələbələr”in ilk qolunun müəllifi oldu. “Qartallar” isə geridə qalan 4 turda məhz hakim səhvləri səbəbindən qızıldan qiymətli xallar itirməkdə davam edirlər.
Ötən tur “Qarabağ”a məğlub olan “Neftçi” bu dəfə “Bakcell Arena”da çempionatın əvvəlindən xala həsrət qalan “Keşlə”ni qəbul edirdi. İki komandanın hazırkı durumunu müqayisə etdikdə, demək olar ki, hamı matçın favoriti kimi son çempionu görürdü.“Ağ-qaralar” etimadı doğrultdu, baxmayaraq ki, ilk yarı Samir Abasovun komandası üçün heç də asan keçmədi. Lakin futbolçuların fərdi ustalıq səviyyəsi özünü göstərdi. Və hissənin sonunda Sezar Meza Kolli sabiq komandasını meydanın mərkəzinə dəvət etdi. İkinci hissədə isə meydan sahibləri hesab arasındakı fərqi daha artırdılar. Hər üç qolda “Keşlə”nin müdafiəçilərinin kobud səhvlərinin olduğunu vurğulamaq lazımdı. Sənan Qurbanovun yetirmələrinin bərbad oyun sərgilədiyini də demək olmaz. Onlar da hücum qurur, rəqib qapısı önündə müəyyən təhlükəli vəziyyətlər yarada bilirdilər. Lakin müdafiədəki bərbad oyun, xətlərarası əlaqənin zəif olması komandanın ardıcıl 4-cü oyunda uduzmasını şərtləndirdi.
Tura dünən keçirilən “Qarabağ” – “Sumqayıt” oyunu ilə yekun vuruldu. Qurban Qurbanov, demək olar ki, ikinci heyətə şans versə də, bu məqam meydan sahiblərinin qələbə qazanmasına mane olmadı. Filip Ozobiç dubl etməklə komandasının liderdən uzaq düşməsinə imkan vermədi. Premyer-liqaya ardıcıl iki qələbə ilə start verən verən, ötən tur “Səbail”ə uduzan “Sumqayıt” isə turnir cədvəlində yerində saydı.
Azərbaycan premyer-liqası
1-ci dövrə, 4-cü tur
18 sentyabr
Qəbələ – Səbail 5:0
Zirə - Sabah 1:1
19 sentyabr
Neftçi – Keşlə 3:0
20 sentyabr
Qarabağ – Sumqayıt 2:0
1. Qəbələ 4 3 1 0 11-3 10
2. Qarabağ 4 3 1 0 8-2 10
3. Neftçi 4 2 1 1 8-5 7
4. Səbail 4 2 0 2 2-8 6
5. Sumqayıt 4 2 0 2 4-3 6
6. Zirə 4 1 2 1 5-4 5
7. Sabah 4 0 1 3 1-6 1
8. Keşlə 4 0 0 4 1-9 0
Bombardirlər: Davit Volkov (Zirə), Ülvi İsgəndərov (Qəbələ), Filip Ozobiç (Qarabağ) – 3.
Növbəti turun oyunları: 25 sentyabr – Keşlə - Qarabağ, Səbail – Zirə; 26 sentyabr – Sabah – Neftçi, Sumqayıt – Qəbələ.
RƏŞAD