Bütün dünyanın böyük maraqla izlədiyi Lionel Messinin Fransa karyerası o qədər də uğurlu başlamayıb.
Hər halda kimsə argentinalı superulduzun ilk 3 matçda heç nə ilə fərqlənməyəcəyini desəydi, bu sözlərə o qədər də inanmazdıq. Amma Leo dünən Fransa çempionatının 6-cı turu çərçivəsində ''Lion''a qarşı görüşdə parislilərin heyətində 3-cü rəsmi oyununu keçirdi və yenə nə qol vurdu, nə də məhsuldar ötürmə verdi. Messi bu 3 qarşılaşmada ümumilikdə 191 dəqiqə meydanda olub. Düzdü, bu müddət ərzində onun 2 zərbəsi tirdən dönüb! ''Lion'' hesabı açdıqdan bir müddət sonra Neymar özü qazandığı penaltini dəqiq yerinə yetirib. İkinci hissənin gedişində Messi dizində müəyyən ağrılar hiss edib. Amma 71-ci dəqiqədə əvəzlənməsi onun xoşuna gəlməyib və Leo əsəbi şəkildə ehtiyat oyunçular skamyasında əyləşib. PSJ İkardinin son saniyələrdə vurduğu qolla 2:1 hesabı ilə qalib gəlib və 6-cı oyunda 6-cı qələbəsini qazanıb.