Radamel Falkaonun ikinci İspaniya karyerası uğurlu start götürdü.
Bilindiyi kimi təcrübəli forvard transfer dönəminin son günündə ''Qalatasaray''la qarşılıqlı şəkildə yollarını ayıraraq ''Rayo Valyekano''ya keçməyə üstünlük vermişdi. Yeni klubu ilə ilk oyuna dünən, yəni sentyabrın 18-də çıxan 35 yaşlı forvard debüt matçında qol vurmağı bacardı. ''Rayo Valyekano''nun ''Xetafe''ni qəbul etdiyi oyunda 71-ci dəqiqədə meydana çıxan Falkao cəmi 10 dəqiqə sonra topu tora göndərməklə yekun nəticəni müəyyənləşdirdi. Madrid derbisi meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatdı. Qonaqların heyətində türkiyəli forvard Enes Ünalın penaltidən yararlana bilmədiyini də qeyd edək. Bu ayın əvvəlində Enes Türkiyə yığmasının heyətində Cəbəllütariq ilə səfər oyununda da penaltini boşa vermişdi!
Yeri gəlmişkən, Falkaonun Madrid təmsilçisindəki debüt qolu ilə bağlı maraqlı bir təsadüfün olduğu üzə çıxıb. Bilindiyi kimi kolumbiyalı hücumçunun İspaniya karyerasında ilk klubu ''Atletiko'' olub. Sən demə 10 il öncə Falkao bu Madrid təmsilçisində də debüt qolunu məhz sentyabrın 18-də vurubmuş! 2011-də həmin tarixdə ''Atletiko'' öz meydanında ''Rasinq'' ilə qarşılaşmış və 4:0 hesabı ilə qalib gəlmişdi. Falkao o oyunda 3 qol birdən vurmuşdu. Falkao ümumilikdə ''Atletiko''da 2 mövsüm keçirərək La Liqada 52, rəsmi oyunlarda 70 qol vurmuş və ''Monako''ya yollanmışdı. Yəni 10 ildən sonra yenə sentyabrın 18-də fərqlənən təcrübəli futbolçu La Liqada vurduğu qolların sayını 53-ə yüksəltdi.