UEFA-nın məlum qərarından sonra "Qarabağ"ın Konfrans Liqasında ilk ev oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçirildi.
"Bazel"lə matçdan öncə mətbuat konsfransında Maksim Medvedov BOS-un onlar üçün uğursuz arena olduğunu dilə gətirmişdi. Görüşün adı çəkilən arenada keçirilməsi azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları yolun uzaqlığını, gediş-gəlişin rahat olmadığını, arenanın uğursuz olmasını sosial şəbəkədə yazırdılar.
Bəs Ağdam təmsilçisinin əsas fanat qrupları bu barədə nə düşünür? Onlar komandalarının avrokubok oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda, yoxsa BOS-da keçirilməsini istəyirlər?
Murad Xudiyev (Qarabağ Ordu) :
"Bizim üçün fərqi yoxdu. Yenə gedib komandamızı dəstəkləyəcəyik. Düzdü, biz də Maksimin Bakı Olimpiya Stadionunun "Qarabağ" üçün uğurlu bir məkan olmadığı fikrinə qatılırdıq. Tofiq Bəhramov adına Respublika stadionu daha düşərlidi. Amma biz səbirsizliklə görüşlərimizin "İmarət"də olacağı günü gözləyirik. "Çelsi"yə qarşı matçdakı xoreoqrafiyamızı yəqin ki, xatırlayırsız: "Evdən uzaqda, amma aid olduğumuz yerdəyik". Gözləyirik ki, "İmarət" stadionu hazır olsun, dəstəyimizi orda verək."
Rüfət Muradi ( İmarət) :
"Bu mövzuya heç bir fikir bildirmək istəmirik. Çünki bizim üçün heç bir önəmi yoxdu. Bacardığımız qədər müsahibə verməkdən, fikir bildirməkdən qaçırıq. Düzdü, itisna hallar olur. Amma vacib bilmədiyimiz mövzulara fikir bildirmirik".
GÜNAY VƏLİYEVA